Günahlarını heç yağış da yumaz

Bəhanə etməsinlər, məsuliyyətsiz məmurların ucbatından şəhər rəzil hala düşdü

Dünən paytaxt yolları yenə dəryaya qərq olmuşdu.  Səbəb heç də yağış deyil. Paytaxt yollarında yaranan tıxacın, küçələrdən axan seli yağışın ayağına yazmağa çalışırlar. Yağışı günahkar çıxarmaq asandı. Əslində isə vəziyyəti bu həddə çatdıran avtomobil yollarını, körpüləri inşa edənlərin məsuliyyətsizliyi, səhlənkarlığı, dövlət vəsaitini talamaq həvəsidir.   

Bu səbəblərdən paytaxtın demək olar əksər bölgələrində acınacaqlı vəziyyət hökm sürürdü. Hərəkət iflic olmuşdu. Ən böyük tıxaclar Bakı-Sumqayıt yolu, Xırdalan yolu, “20 Yanvar” dairəsi, Binəqədi şossesi, Nizami rayonu… Hansı birini deyək? Ümumiyyətlə, yağış bir qırıq “artıq” yağan kimi paytaxt həyatı sel sularına qərq olur.    

Bunu da qeyd edək ki, hava şəraiti ilə bağlı Bakıda əsas magistral avtomobil yollarında sürət həddi endirilib. Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi aşağı salınıb. Məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir. Bakı Nəqliyyat Agentliyi də hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmağı tövsiyə edir. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edir. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

Piyada keçidlərlə bağlı bunu deyə bilərik ki, yerüstü keçidlər - piyada zolaqları  yağış sularından görünməz olub. Piyadalar necə, hardan keçsin?

Problemlə bağlı “Şərq”ə danışan Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli qeyd etdi ki, şəhər infrastrukturu qurularkən, yaxud da yenilənərkən hər şey nəzərə alınmalıdır:

- İllik yağış norması nə qədərdir, normadan artıq düşərsə vəziyyət necə ola bilər, hansı yollarda hərəkət daha intensivdir, günün hansı saatlarında hərəkət intensivliyi hansı istiqamətdə artır, körpülər hərəkəti tənzimləməyə xidmət edirmi, kanalizasiya xətləri çirkab sularının axıdılması üçün uyğun ölçüdədirmi, yağış sularının axıdılması üçün dəmir barmaqlıqlar yetərlidirmi və sair… 

Bütün işlər görülərkən layihə hazırlanır və bu layihədə hər şey nəzərə alınır, ya da alınmalıdır. Baxın, cənab Prezident yol infrastrukturu, kanalizasiya xətləri, magistral yolların tikintisiylə bağlı indiyədək nə qədər sərəncamlar imzalayıb, dövlət büdcəsindən bu tikintilərə nə qədər pullar ayrılıb. 

Nəticə nədir? Yağış yağan kimi yollardan sel axır, hərəkət dayanır. Deməli, icraçılar işə məsuliyyətlə yanaşmır. Məsuliyyətsiz məmurların ucbatından şəhər bu cür rəzil hala düşür. Hesab edirəm ki, “yağış iqlim normasından artıq yağdı” kimi açıqlamalar ancaq bəhanədir. Və büdcədən əlavə vəsait tələb etmək niyyətidir. 

“Bəxtiyar” filmində deyildiyi kimi “mən qazıram, o isə montaj edir”. Biri yolu qazır elektrik dirəyi basdırır, sonra o biri gəlib qazır,  qaz xətti çəkir, biri kanalizasiya qapağını açıq qoyub gedir… arada zərbə vətəndaşa dəyir. 

Məlahət Rzayeva