Ermənilərə etibar yoxdur

Gürcüstanın vasitəçilik təklifi realaşa bilməz

"Vasitəçiliyin real nəticə verməsi əsas şərtdir. Əks halda ermənilərə görə vasitəçilərə də inam qalmayacaq"

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan və Ermənistana vasitəçilik təklif edib. Baş nazir bildirib ki, iyun ayında Gürcüstan iki qonşu ölkə arasında uğurlu vasitəçilik edib və bu, presedenti olmayan hadisə olub. Onun sözlərinə görə, Cənubi Qafqazda sülh təşəbbüsü bu prosesin davamıdır: “Biz qardaş dövlətlər arasında mediasiya, Tbilisini danışıqlar meydanı kimi təklif edirik”. Gürcüstanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri İrakli Çikovani də deyib ki, Tbilisi Cənubi Qafqazın münaqişə bölgəsindən sülh regionuna çevrilməsi üçün sülh və təhlükəsizliyin təşviqinə hər zaman hazırdır.
Onun sözlərinə görə, bölgədə diqqət ümumi regional maraqlar naminə dialoqun təşviqi və etimadın möhkəmləndirilməsinə yönəldilməlidir: “Gürcüstanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında əldə olunmuş humanitar razılaşma tərəflər arasında dialoq üçün potensialı nümayiş etdirib və prosesin davamı üçün faktiki olaraq yaxşı zəmin yaradıb. Cənubi Qafqazda sülhün bərqərar olunması bölgədə mehriban qonşuluq münasibətlərini möhkəmləndirə və dayanıqlı inkişafa şərait yarada bilər”. 

Gürcüstanın vasitəçilik niyyəti ilə bağlı “Şərq”ə danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, qonşu Gürcüstanın vasitəçilik təklifi alqışalayiqdir. Partiya rəsmisinin sözlərinə görə, Gürcüstan bölgə dövləti olaraq qonşuluğunda sülh və əminamanlıq istəyir: 

“Rəsmi Tbilisinin Bakı və İrəvanla münasibətləri normaldır. Gürcüstan bir dəfə vasitəçilik edib və müəyyən nəticə verib. Ancaq məsələ hansısa ölkənin vasitəçilik missiyasında yox, birbaşa Ermənistan tərəfinin sərgilədiyi mövqedədir. Məsələ ondadır ki, Gürcüstanın vasitəçiliyi ilə alınmış minalı ərazilərin xəritəsinin də çox az hissəsi dəqiq olub. Ermənistan tərəfi iki xəritə-əsir mübadiləsi həyata keçirib. Ancaq hər ikisində də saxtakarlıq ediblər. Ermənilərə etibar yoxdur. Ona görə də vasitəçi tərəf Ermənistana təsir gücünə sahib olmalıdır ki, verilən vədlərin yerinə yetirilməsini təmin edə bilsin. Yəni Tbilisinin tərəflərlə yaxşı münasibətinin olması faktı bizim üçün kifayət etmir. Azərbaycan bütün vasitəçilik təkliflərinə açıqdır, amma bu vasitəçiliyin real nəticə verməsi əsas şərtdir. Əks halda ermənilərə görə vasitəçilərə də inam qalmayacaq”. 

İsmayıl Qocayev