Təbiətin hökmünə buraxılan şəhər...

Əzizov Bakının yağış dərdinə dərman tapa bilməz

Şəhər hər keçən gün böyüyür, amma kanalizasiya sistemi ötən əsr Bakısının ölçülərindədir

Sahib Məmmədov: "Şəhərsalmada 100-200 il sonra nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki, şəhər böyüyəcək, əhali sayı artacaq, idarə və müəssisələr çoxalacaq"

Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyyəti başçılarının və müvafiq təsərrüfat strukturları rəhbərlərinin iştirakı ilə payız-qış mövsümünə hazırlıq məsələlərinə dair videokonfrans formatında müşavirə keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin məlumata görə, videomüşavirədə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov əvvəlcə 2 gün (3 gün – red.) öncə Bakıya yağan yağışla bağlı yaranan problemlərə toxunub. Bununla əlaqədar bəzi rayonların icra hakimiyyəti başçıları və bəzi xidmət sahələrinin rəhbərlərinə yol verilən nöqsanlara görə ciddi xəbərdar edilib. Qeyd edilib ki, baxmayaraq ki, Bakı şəhərinin kanalizasiya və yağış sularını yığan şəbəkələr, körpü və yollar “Azərsu” ASC-nin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında və xidmət dairəsindədir, lakin bu, İcra Hakimiyyətləri və kommunal xidmətlərin üzərindən cavabdehliyi götürmür. İcra başçıları “Azərsu” ASC və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məlumat verməklə özlərini kənarlaşdırmamalı, rayonlarda zəif yerləri müəyyən edərək, koordinator kimi çıxış etməli və həmin qurumlarla birgə mövcud problemləri aradan qaldırmalıdırlar.
Müşavirədə paytaxt rayonlarında qışa hazırlıqla bağlı qərargahların yaradılması və aidiyyəti təşkilatların iştirakı ilə müşavirələrin keçirilməsi tapşırılıb və aidiyyəti strukturların üzərinə düşən konkret vəzifələr müəyyən edilib.

Müşavirədə bərk məişət  tullantılarının daşınması, çeşidlənməsi və sairədən də  danışılıb, amma mövzumuz bu olmadığından üzərindən keçirik. Gəlirik yenə əsas məsələnin üzərinə: yağış yağanda paytaxtın dəryaya qərq olması, insanların gah çəyitrkə kimi hoppana-hoppana, gah da ayaqqabılarını çıxarıb özlərini suların qoynuna vurmasına, avtomobillərin yolda qalıb evakuator gözləməsinə, keçidləri, binaların altını, həyətləri su basmasına... Hansı birini deyək?.. 

Müşavirə keçirmək lazımdı, vacibdi. İcra başçılarına xəbərdarlıq etmək də mütləqdir. Amma bu müşavirədə şəhərin, həm də söhbət paytaxtdan gedir, niyə yağış suları önündə aciz qaldığının səbəblərindən danışılıbmı? Nədir də səbəb? Bunu bir deyən gərəkdir. İcra başçıları tutalım, koordinator kimi çıxış etdi, zəif nöqtələri göstərdi, bəs sonra? Yağışlar zamanı biz paytaxt sakinlərinin gözünə dəyən bu olur ki, hansısa kommunal təsərrüfat idarəsinin əməkdaşı, ya da “Azərsu”, ya AAYDA hardasa kanalizasiya qapağını qurdalayır ki, selin axar yolunu açsın. Ya da səkilər kənarındakı yağış barmaqlıqlarının üzərini basmış zir-zibili kənarlaşdırırlar.  Ancaq bunların xeyi olmur. Bir tərəfdən yolu açılan su başqa bir səmtdən fışqırır. Nə bəladı düşmüşük! 

Səbəbsə mütləq var. Onları ”Şərq”ə Əmək Hüquqları Liqasının sədri, vaxtilə metrotuneltikinti, həmçinin şəhər təsərrüfatı sahəsində çalışdığından bu işlərə bələd olan Sahib Məmmədov danışdı:

- Şəhərin yağış sularına təslim olmağının bir neçə səbəbləri var. 

1) Problem Bakının relyefidir. Bakının relyefi dağlıq, enişli-çıxışlı olduğundan su kütləsi şəhərin aşağı hissələrinə doğru axır və orada toplanır. Amma yağış suyunun ötən günlərdə müşahidə etdiyimiz kimi həddindən artıq toplanması üçün intensiv, leysan xarakterli yağışların yağması lazımdır. Bizsə görürük ki, adi mövsüm yağışları zamanı da yol-iz keçilməz olur. Demək, başqa problemlər daha güclüdür.  
2) Problem idarəetmədir. Böyük şəhərlərdə idarəetmə adətən şəhər təsərrüfatında, yerli bələdiyyələrdə olur. Belədə idarəetmədə koordinasiyaya nail olmaq da asandır. Məsələn, sovet illərində elektrik enerjisindən tutmuş, qaz, istilik, təhsil, səhiyyə, yol tikintisi, körpü, tunel... hamısı şəhər icraiyyə komitəsinin strukturlarına daxil idi. Hər sahə üzrə şöbə vardı. Sonra bu şöbələr hamısı ayrı-ayrı qurumlara, agentliklərə çevrildi, hamısı da özünün ağası oldu. İndi hər kəs özü bildiyi kimi işləyir. Bakı Şəhər İcra Hakimiyyəti də bəzən tenderlərdə iştirak edir. Amma deyək ki,  hardasa bir yol və ya kanalizasiya xətti çəkilirsə, bunun BŞİH-yə aidiyyəti olmur. Belə şəraitdə Eldar Əzizov neyləyə bilər?! Şəhərin idarə edilməsi səlahiyyəti BŞİH-də deyil. Bəli, icra hakimiyyətləri vəzifələrini lazımi şəkildə yerinə yetirib, qüsurlar barədə xəbərdarlıq edə bilər, məlumat verə bilərlər. Amma yenə də işə müdaxilə etməyə səlahiyyətləri çatmayacaq. 

3) Problem Bakı şəhərinin  yeraltı drenaj sisteminin və şəhərin miqyasına uyğun kanalizasiya sisteminin olmamasındadır.  Sovet illərində, konkret 1970-ci illərdə, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə Şərq Yeraltı Tikinti İdarəsi vardı. Bu idarə tərəfindən diametri 2,5 metr olan yeraltı tunel qazıntısına başlanmışdı. Bu tunel məhz yağış suları üçün nəzərdə tutulurdu və  Azneft meydanından taki Zığa qədər uzanmalıydı. Tunel müəyyən qədər tikildi, sonra isə məlum səbəblərdən iş yarımçıq qaldı. O tunel tikintisini bərpa etmək və işə salmaq lazımdır. Mən Yasamal Rayon İcra Hakimiyyətində işlədiyim vaxt Bəsti Bağırova küçəsində su toplanırdı. Araşdırdıq, gördük ki, yeraltı drenaj sistemi yoxdur.  Kanalizasiya başqadı, drenaj sistemi başqa. Kanalizasiya məişət tullantı suları üçündür, drenaj sistemi başqa. Drenaj sistemi qrunt sularını axıtmaq üçündür. Açıq drenaj arxlarla, bayaq dediyim beton kanallarla qurulur, qapalı drenaj da yer altında çəkilən borularla. Bununla da yerin üstündəki su yerin altı ilə axıdılır.   
4) Problem həm də şəhər kanalizasiya sisteminin yükgötürmə qabiliyyətinin aşağı olmasıdır. Şəhər hər keçən gün böyüyür, amma kanalizasiya sistemi ötən əsr Bakısının ölçülərindədir.  Şəhər tikilir, amma nə kanalizasiya sistemi yenilənir, nə də yağış tuneli tikilir. Hündürmərtəbəli binalar ucaldılır, hamısı da köhnə kanalizasiya şəbəkəsinə qoşulur.  Mən dünyanın bəlkə də 120-130 şəhərlərində olmuşam. Şəhərlər görmüşəm ki, yol və səki kənarları ilə yağış sularının axması üçün xüsusi dəliklər qoyulub, kanalcıqlar salınıb. Və yağış suları, təkcə yağış suları da yox, məsələn, küçələr yuyularkən axan su bu kanalcıqlar vasitəsilə yağış sularını daşımaq üçün tikilmiş vahid   şəbəkəyə daşınır. Misal üçün, Alma-Atı da Bakı kimi amfiteatr relyeflidir. Orda səkilərin kənarında beton kanallar var. Bizdə necədi? Elə yollar, lap elə magistral  yollar var ki, bir dənə də yağış axarı qoyulmayıb. Bəs bu su hara axsın?!. 
S.Məmmədov qeyd etdi ki, yollarda yığılıb göllənən suları çəkib axıtmaq üçün güclü nasoslar olmalıdır. Bəlkə də var, amma tam gücü ilə işləmir. 
5) Problem Bakının hidrogeoloji quruluşudur. Bakının yerin altından daim su çıxan hissələri var. Məsələn, metronun “28 May-Nizami” xətti tikilərkən yeraltı su səbəbindən işçilər çalışa bilmirdi. Suyu tuneldən çıxarmaq üçün güclü hava vurulurdu, hava suyun önünü kəsirdi, ancaq bundan sonra fəhlələr işləyə bilirdilər. “Elmlər Akademiyası-Nizami” xəttində 144 yerdən bənd vurulub, yeraltı çayların önünü kəsmək üçün. Yəni Bakı nəhəng tunel-tikinti işləri üçün çox çətin relyefdir, çətin də hidrogeoloji quruluşa malikdir. 
S.Məmmədov bildirdi ki, şəhərsalmada gələcəyə hesablanma mühüm məsələdir: 
- Şəhərsalmada 100-200 il sonra nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki, şəhər böyüyəcək, əhali sayı artacaq, idarə və müəssisələr çoxalacaq. Təəssüf ki, Bakının təxminən 90 faizi sökülüb yenidən tikilib, amma nə kanalizasiya sistemi yenidən qurulub, nə də drenaj sistemi. Qısası, şəhərin üstünü tikmişik, altını unutmuşuq. Əgər zamanında drenaj sistemi lazımi şəkildə qurulsaydı, indi biz bu problemləri yaşamazdıq. Baş verənlər illərin səhvləridir. Üst-üstə yığılıb, şəhəri su basması ilə nəticələnib. Məndən soruşursunuzsa, hesab edirəm ki, Bakı şəhərində dağ-mədən üsulu ilə kanalizasiya, drenaj sistemi tikilməlidir. Əks halda gərək şəhəri söküb təzədən tiksinlər. 

P.S. Hava proqnozu belədir ki, oktyabrın 7-dək hava yağışlı keçəcək. Tədarükümüzü görək.