Məktəbə yaxın yerlərdə siqaret satışı qadağan olunub

"Qanunu pozanlar böyük məbləğdə cərimə olunsalar, bu işdən çəkinərlər"

"Onsuz da harada siqaret satıldığını ərazidə xidmət göstərən polislər bilir. Siqaret satanları da tanıyırlar. Bunun qarşısını almaq çətin deyil"

Orta məktəblərə yaxın yerlərdə qəzet köşklərində siqaret satılması ilə bağlı monitorinq keçiriləcək. Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. M.Quliyev bildirib ki, ümumilikdə parlamentin payız sessiyası ərzində “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun icrası ilə bağlı monitorinq keçiriləcək və monitorinqin nəticələri geniş müzakirəyə çıxarılacaq. Komitə sədri vurğulayıb ki, qanuna əsasən, bütün qapalı məkanlarda siqaret çəkməyə görə cərimələr nəzərdə tutulub:

“Qanun məktəblərin yaxınlığında siqaret satışını qadağan edir. Ancaq təəssüflər olsun ki, qanunun tələbləri pozulur, məktəbə yaxın yerlərdə, əsasən qəzet köşklərində siqaret satışı, o cümlədən siqaretin ədədlə satılması müşahidə edilir. Bizə bu barədə müraciətlər daxil olur. Ona görə biz istəyirik ki, bu məsələ ilə bağlı monitorinq keçirək və payız sessiyasının sonunda geniş müzakirəyə çıxaraq”.

Təhsil eksperti, tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov “Şərq”ə açıqlamasında təhsil müəssisələrinə yaxın məsafədəki köşklərdə siqaret satışının qarşısının alınmamasından təəssüfləndiyini bildirdi:

- Beynəlxalq təcrübədə təhsil müəssisələrinin 150 metr əhatəsində tütün məmulatlarının satılması, alkoqollu içkilər, hətta enerji içkilərinin satılması, qəlyanxanaların, qəlyan xidməti göstərən çay evlərinin, ictimai iaşə obyektlərinin və satış obyektlərinin fəaliyyət göstərməsi qadağandır. Təəssüf ki, Azərbaycanda tütün məmulatlarının istifadəsinə dair, o cümlədən ədədlə siqaret satışını qadağan edən qanun qəbul olunsa da, icra edilmir. Bəli, qəzet köşklərində, eləcə də pərakəndə satışla şagirdlərə, tələbələrə siqaret satılır. Enerji içkiləri də həmçinin. Ali məktəblərin qarşısında, orta məktəblərin həyətində, sanitar qovşaqlarda siqaret çəkən tələbə və şagirdlərin olduğu sirr deyil. Hətta elə şagirdlər, tələbələr var, başqalarını da buna məcbur edir, həvəsləndirir. Çıxış yolu nədir? Qanunu pozanlar böyük məbləğdə cərimə olunsalar, bu işdən çəkinərlər. 

K.Əsədov qeyd etdi ki, qanunun icrasına hüquq-mühafizə orqanları, vergi xidməti əməkdaşları, həmçinin ictimai təşkilatlar da nəzarət etməlidir:

- Bu strukturlar monitorinqlərə cəlb edilməlidir. Onsuz da harada siqaret satıldığını ərazidə xidmət göstərən polislər bilir. Siqaret satanları da tanıyırlar. Bunun qarşısını almaq çətin deyil. Bir halda ki qanun da qəbul olunub, qanuna dayanaraq bu məsələni həll etmək mümkündür. Amma çox təəssüf siqaret satışı məsələsinə laqeyd yanaşılır. Bu gün siqaret çəkən şagirdin sabah narkotikə qurşanmayacağına, patı çəkənlərə qoşulmayacağına kim zəmanət verir?