Valideynləri ya həbsdədir, ya vəfat edib

Türkiyə uşaq evindən Azərbaycana gətirilən uşaqların taleyi gedib İraq və Suriyaya çıxır

2021-ci ilin 9 oktyabr tarixində Türkiyə Respublikasının Hatay vilayətinin İskəndərun uşaq evində saxlanılan Azərbaycan Respublikası vətəndaşı olan 4 nəfər uşağın vətənə repatriasiyası həyata keçirilib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli tədbirlər nəticəsində baş tutub. 

İlk öncə vətənə repatriasiyası nəzərdə tutulan uşaqların yeri, şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Daha sonra İraq və Suriya Ərəb Respublikalarından AR vətəndaşlarının repatriasiyasına məsul işçi qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam ediliblər. Türkiyə Respublikasına ezam edilmiş nümayəndə heyəti tərəfindən uşaqların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib və onlara zəruri yardım göstərilib.

 Bundan sonra Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən ölkəyə qayıtması üçün vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri və uçuş biletləri ilə təmin ediliblər.

 2021-ci ilin 9 oktyabr tarixində Azərbaycan Respublikası nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların Ankara-Bakı reysi ilə Azərbaycan Respublikasına repatriasiyası təmin edilib. Azərbaycan Respublikasının hökuməti tərəfindən müvafiq şəxslərin reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub. Repatriasiyanın həyata keçirilməsində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının birgə və əlaqələndirilmiş fəaliyyəti həyata keçirilib. Bu prosesin reallaşmasında Türkiyə Respublikası tərəfindən göstərilmiş yardım xüsusilə qeyd olunmalıdır. Azərbaycan Respublikasının Hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirəcəkdir.

Məsələ ilə bağlı fikirlərini “Şərq”lə bölüşən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə böyük ehtimalla bu uşaqların İraq və Suriyadakı müəyyən qruplaşmaların nəzarətindəki ailələrə mənsub olduqlarını bildirdi:

- Yadınızdadırsa, bir müddət əvvəl də bir neçə uşaq Azərbaycana gətirildi, ailələrin dönüşü oldu. Bu uşaqlar İraqda, Suriyada müxtəlif qruplaşmalara qoşulmuş və onların nəzarəti altında olmuş ailələrin övladlarıdır. Əgər onlar sığınacaqda, uşaq evində olublarsa, deməli, valideynləri ya həbsdədir,  ya da vəfat edib. Belə uşaqların xüsusi reabilitasiyaya ehtiyacı olduğundan onlar dövlət müəssisəsinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin) sığınacağına yerləşdirilir. Çünki bu uşaqlarla davamlı psixoloji iş aparılmalıdır. 

K.Ağazadə qeyd etdi ki, uşaqların reabilitasiyası başa çatdıqdan sonra onların harada yerləşdiriləcəyi ilə bağlı qərar veriləcək:

- Əgər uşaqların ikinci dərəcəli qohumları varsa və onlar qəyyum kimi çıxış edirlərsə, o zaman qəyyum təyin edilirlər və uşaqlar həmin ailələrə verilir. Yox əgər qohumlar olmasa, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum uşaqlar kimi uşaq müəssisəsinə yerləşdiriləcəklər.