Ötən gün respublika ərazisində ölümlə nəticələnən 4 yol qəzası qeydə alınıb ki, 4-ü də piyada vurma hadisəsidir və 4 nəfər piyada həyatını itirib. Araşdırma zamanı məlum olub ki, piyadaların vurulması halları yolun hərəkət hissəsində, piyadaların hərəkəti üçün müəyyən edilməmiş yerlərdə baş verib. Odur ki, piyadalardan bir daha xahiş edirik ki, onların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan zolaqlardan, yeraltı və yerüstü keçidlərdən istifadə etsinlər, öz həyatlarını təhlükəyə atmasınlar.
11.10.2021-ci il saat 04:00 radələrində Abşeron rayonu Xırdalan şəhəri ərazisində sürücü Hüseynov Azər Namiq oğlu idarə etdiyi “Chevrolet” markalı, 99-UP-393 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçməyə çalışan 1973-cü il təvəllüdlü piyada Rüstəmov Asəf Cahangir oğlunu, saat 18:00 radələrində Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində sürücü Məmmədov Ramiz Əyyar oğlu idarə etdiyi “Mercedes” markalı, 99-RH-463 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman 1941-ci il təvəllüdlü piyada Cəfərov Kamal Səfərli oğlunu, saat 20:00 radələrində Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən 175-ci km-də sürücü Xıdırov Elçin Bayram oğlu idarə etdiyi “Mercedes” markalı, 90-SY-497 qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman yolu soldan sağa keçən 1968-ci il təvəllüdlü piyada İbadov Səfa Balakişi oğlunu, 12.10.2021-ci il saat 00:15 radələrində Bərdə rayonu Alpout kəndi ərazisində sürücü Bayramlı Qabil Eynulla oğlu idarə etdiyi “VAZ 2107” markalı, 90-RJ-452 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolun hərəkət hissəsində dayanan 1954-cü il təvəllüdlü piyada Əliyev Əvəz İsmayıl oğlunu vurub və adları qeyd olunan piyadalar ölüblər.
Qeyd edək ki, bu gün səhər saat 06:40 radələrində aeroport şossesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində Bakı şəhər sakini Mahmud Əzizov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə paytaxt sakini Tahir Abdullayevin idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusunu vurub.
Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də, avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olub, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 8-i ilkin tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb, 17 nəfərin müalicəsi isə davam edir.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü M.Əzizov həbs edilib.
Məsələ barədə "Sherg.az"a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, yol- nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəbi piyada məsuliyyətsizliyidir:
"Piyadalar işıqfora əhəmiyyət vermir, surət həddi yüksək olan yollarda maşının qabağına atılırlar, keçiddən istifadə etmirlər. Bu risklər də faciə ilə nəticələnir".
E.Muradlı piyadaların daha çox gecə vaxtı qəzaya düşməsinin səbəbini açıqlayıb. Onun sözlərinə götə, işıq olmadığına görə belə hallar yaşanır:
"Bu dövlət qurumlarının günahıdır. “Azər İşıq”, İcra Hakimiyyətləri, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin – hamısının səhvidir. Cənab Prezident tapşırıb ki, bütün küçələr, məhəllə daxili yollar işıqlandırılsın. Lakin işıqlandırılmır. Piyada üçün təhlükəsiz şərait yaratmaq lazımdır".
Ekspert sonda əlavə edib ki, surət həddini aşan, ötmə manevr qaydalarını pozan sürücülər əsasən, yollarda taksi fəaliyyəti ilə məşğul olanlardır:
"Onlar radar və kameraların yerlərini bilirlər, ona görə hərəkət edirlər. Aidiyyəti qurumları silkələmək, təbliğat materiallarını gücləndirmək, televiziyalarda sosial çarxlar yayımlamaq lazımdır. Məsələyə çox ciddi geniş prizmadan yanaşılmalıdır.
Tutalım, deyirik ki, “təhlükəsizlik kəmərini taxın”. Taxacaqlar? Əlbəttə ki, xeyr. Xüsusi mexanizm olmasa, çətindir. Əksər insan təhlükəsizlik kəmərindən kameralara düşməmək üçün istifadə edir. Heç kim təhlükəsizliyini düşünmür".