2018-ci ilin noyabrında nakam şairimiz Mikayıl Müşfiqin Qaradağ rayonu Puta qəsəbəsində qalıqlarının tapılması ilə bağlı iddiaların araşdırılması üçün ölkə başçısı İlham Əliyev işçi qrupunun yaradılması barədə göstəriş verib. Bu məlumatdan sonra repressiya qurbanı olan daha bir görkəmli şairimiz, Azərbaycan himninin müəllifi Əhməd Cavadın da qalıqlarının həmin ərazidə olmasına dair ehtimallar irəli sürüldü.
Elə həmin dönəmdə bu iddialardan sonra Ə.Cavadın nəvəsi Anar Axundzadə məsələyə dərhal reaksiya verərək sözügedən işçi qrupu ilə əlaqə saxlayıb. İşçi qrupu vədinə əməl edərək A.Axundzadəni dəvət edərək ondan DNK analizi götürüb.
Qeyd edək ki, məsələnin üstündən 2 ildən çox müddət keçib. Maraqlıdır ki, proseslə bağlı yenilik varmı?
Sualımızı cavablandıran Əhməd Cavadın nəvəsi Anar Axundzadə “Sherg.az”a açıqlama verib. O, yeni məlumat olmadığını bildirib:
“DNK analizi vermişik. Eşitdiyimə görə, işçi qrupu prosesi davam etdirir. Lakin yeni məlumatım yoxdur. Əvvəl də demişdilər ki, bir az uzun çəkən proses olacaq. Dərədə çox qalıq olduğuna görə müəyyən etmək vaxt aparacaq”.