Seyid Camal Əzizbəyli: “Bu yolverilməzdir. Xalqın ehtiram göstərdiyi mənəvi dəyərlərə qarşı hayqırıdır"
Feysbuk sosial şəbəkəsində insanların hiddətinə səbəb olan elan paylaşılıb. Elanın mətnini təqdim edirik:
"Övladı olmayan xanımların nəzərinə! Seyid Mir Valeh kişinin nəvəsi, Allahın izniylə əllərində şəfavericisi olan Sevincə müraciət etsinlər!".
Bəli, bu elan adıçəkilən sosial platformada bəzən qəzəb, bəzən də gülüş predimetinə çevrilib. Kimisi "Sevincin şəfavericiliyi"nə inanıb ona üz tutur, kimisi də "elə bilirdim biz İlon Mask dövründə yaşayırıq" deyib, keçir. Əslində isə XXI əsrdə bu sayaq elanların mövcudluğu bizi XIX və XX əsrə - Mirzə Cəlilin dövrünə qaytarır, onun “Ölülər” əsərindəki “Şeyx Nəsrullah” obrazını yenidən yadımıza salır. Əlbəttə, ideoloji olaraq o dövrə qayıtmaq olduqca kədərlidir. Ona görə ağrılıdır ki, hələ də cəmiyyətimizdə “Şeyx Nəsrullahlara” inanlar var. Dərhal beyinlərdə sual hasil olunur: Doğrudanmı, bu iki əsr ərzində kimə pənah aparacağımızı anlaya, dərk edə bilməmişik?
Sualımızı cavablandıran Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzizbəyli “Sherg.az”a bildirib ki, Azərbaycan xalqı əsrlərdir, sevgili Peyğəmbərimizə, onun mübarək ev xalqına, əhli beytə sayğı göstərir:
"Ən ağrılı günlərdə belə qapısını döyərək onların ruhi məqamlarının təminatını ala biliblər. Bu gün təəssüflər olsun ki, əhli beyt adına yaraşmayan çağırışların sosial şəbəkələrdə yayılması inanc adamı olaraq mənim də hiddətimə səbəb olur. Həssas, insanların dini duyğularına təsir edən, xurafata və cəhalətə dayanan bu cür elanlar dinin həqiqətlərini insanlara hələ də çatdırmaq üçün uzun müddət lazım olduğunu göstərir. Bu yolverilməzdir. Xalqın ehtiram göstərdiyi mənəvi dəyərlərə qarşı hayqırıdır".
Müsahibimiz sonda onu da əlavə edib ki, belə elanları yerləşdirən, buna razı olanlar həqiqi Seyid ola bilməz:
“Həqiqi Seyid ülvi dəyərləri qanı, canı, şərəfilə qoruyur. Bu dini hökmlərlə bir araya sığmayan əməldir".