Bakıda Azərbaycan-Slovakiya biznes-forumu keçirilir

Bu gün Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan-Slovakiya biznes-forumu işə başlayıb.

“Report” xəbər verir ki, tədbiri giriş sözü ilə nazir müavini Niyazi Səfərov açıb.

“Azərbaycanla Slovakiya arasında tərəfdaşlığın genişləndirilməsində böyük potensial görürük. Əminəm ki, biznes forum tərəfdaşlıq üçün yaxşı imkanlar yaradır. Hər iki ölkənin potensialından tam istifadə edilməsi ilə bu münasibətlərin daha məzmunlu və səmərəli olacağına, qarşılıqlı ticarəti, investisiya qoyuluşlarını artıracağına əminəm.

Azərbaycanla Slovakiya arasında olan münasibətlərin həm ikitərəfli formatda, həm də Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində inkişafına önəm veririk. Hazırkı dövrdə ticarət əlaqələrinin artırılması və şaxələndirilməsi əsas hədəflərimizdən biridir. Bugünkü biznes forumda informasiya texnologiyaları, o cümlədən telekommunikasiya, eləcə də bankçılıq, ticarət, qida sənayesi və digər sahələrdə fəaliyyət göstərən dövlət və özəl qurumların nümayəndələri iştirak edirlər. Sahibkarlar yaradılmış əlverişli şəraitdən istifadə edərək səmərəli əməkdaşlıq edə bilərlər”, - deyə o, qeyd edib.