Rusiya və İran XİN başçıları görüşüb

Sentyabrın 27-də Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov İran İslam Respublikasının yeni təyin olunmuş xarici işlər naziri Abbas Əraqşı ilə ilk dəfə görüşüb.

APA-nın Moskva müxbiri xəbər verir ki, görüş barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, görüşdə İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında işlərin vəziyyəti, Cənubi Qafqazda və Fələstin-İsrail münaqişəsi zonasında vəziyyət də daxil olmaqla, aktual beynəlxalq və regional problemlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xarici siyasət koordinasiyasının hazırkı yüksək səviyyədə saxlanmasında qarşılıqlı maraq vurğulanıb.

Tərəflər Rusiya və İran arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulması xəttinin dəyişməzliyini və əvvəllər razılaşdırılmış bütün birgə layihələrin həyata keçirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.

Nazirlər ali və yüksək səviyyələrdə qarşıdan gələn təmasların qrafikini nəzərdən keçiriblər.

Sergey Lavrov iranlı həmkarını onun üçün əlverişli vaxtda Moskvaya səfərə dəvət edib.