Anti-Azərbaycan, anti-Türkiyə ritorikasını və beynəlxalq hüquq normalarını heçə sayan münasibətin səbəblərindən biri budur
Məlum olduğu kimi, Kanadanın xarici işlər naziri Melani Joli Azərbaycana qarşı qərəz və böhtan dolu bəyanatla çıxış edib. O, ermənilərin Azərbaycanın Qarabağ bölgəsini guya məcburi şəkildə tərk etməsi barədə əsassız ittiham irəli sürüb. Azərbaycanın ərazi bütövlüyünə zidd olan və regionda gərginlik yaratmağa xidmət edən mövqe nümayiş etdirib. Lakin artıq mövcud olmayan bir problemin həlli üçün “öz müqəddəratını təyin etmə” prinsipinə istinad edən kanadalı nazir Azərbaycana dərs keçməkdənsə, öz biabırçı tarixi ilə məşğul olsa, daha məqsədəuyğun olar. Çox da uzaq olmayan keçmişdə, 2009-cu ilə nəzər salaq. Həmin dövrdə Kanadanın Saskaçevan əyalətinin yerli icması, əsasən, uşaqlara aid olan 751 ədəd məzar tapıb. Bu, həm o zaman uzun müddət müzakirə olunan hadisə, həm də Kanada tərəfindən bu ərazilərin yerli əhalisinə qarşı törədilən soyqırımının bariz nümunəsi idi. Hər şey isə Avropa müstəmləkəçilərinin XVI əsrdən sonra regiona gəlişindən sonra başlayıb. Britaniya, Fransa və İspaniya imperiyaları bu əraziləri işğal edib, yerli xalqları diskriminasiya, assimilyasiya, eləcə də soyqırımına məruz qoymaq siyasəti yeridir, öz mədəniyyətlərini qəbul etdirirdilər. Bütün bunlar sərt Avropa müstəmləkəçiliyinin qanunlarından, özü də amansız qanunlarından biri idi. Onlar təkcə özləri gəlmir, həm də özü ilə müxtəlif epidemik xəstəliklər, məcburi miqrasiya, eləcə də müharibələr gətirirdilər. Bu siyasətin nəticəsidir ki, hazırda tarixən burada yaşayan xalqlar əhalinin, ümumilikdə, cəmi 5 faizini təşkil edir. Kanadanın internat məktəbləri yerli xalqların övladlarının assimilyasiyasına yönəlmişdi. Onlardan biri də Bişop Orden Memorial İnternat Məktəbi idi ki, bu məktəbdə təhsil alan oğlan və qızlar katolik keşişlər tərəfindən cinsi istismara məruz qalırdı. Utancverici tarixi keçmişi olan dövlət Azərbaycanı Qarabağdakı ermənilərin hüquqlarını pozmaqda günahlandırır. Kanadanın xarici işlər naziri Melani Joli tipik ermənipərəst biridir. İndi belə bir adam Azərbaycan əleyhinə qərəzli bəyanatlar verir və bununla bölgədə sülhün təşviqinə yönələn əməllərə kölgə salmaq niyyəti güdür. Rəsmi Bakının bu iddialara cavabı gecikmədi. Azərbaycanın Xarici İşlər Nazirliyi belə bir qərəzli yanaşmanı pislədi və kanadalı nazirin faktları təhrif etdiyini bəyan etdi. Qeyd olundu ki, Azərbaycan 2023-cü ildə Qarabağ bölgəsində tam suverenliyini bərpa edib, Ermənistan silahlı qüvvələrinin bölgədə qanunsuz mövcudluğuna son qoyulub, separatçı rejim özünü buraxıb. Kanadalı nazir yaxşı olar ki, məhz rəsmi Bakının faktlara və beynəlxalq hüquqa əsaslanan bəyanatlarını qəbul etsin.
Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru Telman Nüsrətoğlu "Sherg.az"a açıqlamasında deyib ki, ABŞ, Kanada və Fransa kimi ölkələrdə anti-Azərbaycan, anti-Türkiyə ritorikasının və beynəlxalq hüquq normalarını heçə sayan münasibətin səbəblərindən biri həmin ölkələrdə güclü erməni diasporunun varlığıdır. Alim vurğulayıb ki, erməni diasporu o ölkələrdə həm dövlət dairələrini, həm də ictimai rəyi Azərbaycana qarşı yönləndirməyə çalışırlar:
"Amma eyni zamanda Qərb aləmində Azərbaycana, Türkiyəyə, İslam dünyasına qarşı total münasibət probleminin olduğunu görürük. Bunu inkar etmək mümkün deyil. Əks halda belə haqsız-hüquqsuz, ədalətsiz, ikili standartlarla dolu yanaşma olmaz. Azərbaycanın torpaqları 30 il işğal altında oldu. İşğal müddətində topraqlarımızda böyük mədəniyyət soyqırımı həyata keçirildi. Dünyanın gözü önündə şəhərlərimiz, kəndlərimiz viran qoyuldu. İşğaldan azad edilən torpaqların vəziyyəti göz önündədir. Gələn səyyahlar, qonaqlar, vicdanlı insanlar bu barədə yazıb-çizirlər. Niyə Kanada erməni vandalizminə səsini çıxartmadı? Hələ sovet dövründə Azərbaycan türkləri total şəkildə indiki Ermənistan ərazisindən təmizləndi, deportasiya, soyqırım həyata keçirildi, 300-dən çox məscidimiz, 500-dən çox məktəbimiz yox edildi. Tarixi abidələrimiz, muzeylərimiz, qalalar, karvansaraylar yox edildi, yaxud erməniləşdirildi. Kanada kimi dövlətlər bunlara səslərini çıxarmadılar, reaksiya vermədilər. Yüzminlərlə insan öz dədə-baba yurdlarından qovulmasına, sürgün edilməsinə, öz əcdadlarının məzarlarını ziyarət edə bilməməsinə etirazlarını bildirmədilər, ortaya iradə qoymadılar".
Alim vurğulayıb ki, Azərbaycan dünya hərb tarixinə keçəcək ustalıqla, heç bir mülki sakinə zərər vermədən antiterror tədbirləri ilə Qarabağı erməni çətələrindən, quldur dəstələrindən, işğalçı qalıqlarından təmizlədi, öz konstitusion hüquqlarını orada bərpa etdi: "Ermənilər könüllü şəkildə Qarabağı tərk etdilər. Onsuz da orada yaşayan ermənilərin önəmli hissəsi silahlı dəstələrin, işğalçıların ailə üzvləri idi. Köhnədən yaşayan ermənilərə isə Azərbaycan dövləti qalmaları üçün hər cür şəraiti yaratdı. Amma onlar vaxtı ilə Azərbaycan dövlətçiliyinə meydan oxuduqları, silahlı qruplaşmaların içərisində yer aldıqları, qondarma rejimin fəalları olduqları üçün torpaqlarımızda qalmaq istəmədilər. Onların gedişi də dünyanın gözü önündə, çox şəffaf şəkildə baş verdi. İndi ermənilər yenidən başlayıblar, özləri üçün saxta günlər təsis edirlər, guya bunlar "deportasiya" olunub və s. Dünyanı aldatmağa çalışırlar. Kanada kimi ölkələr də çox təəssüf ki, onların bu yalanlarına ortaq olurlar. Erməni diasporu Ruben Vardanyanı Qərb dairələrində bir fiqur kimi ortaya çıxarır. Soruşan yoxdur ki, Vardanyanın Azərbaycanla nə əlaqəsi var? Adam nə zamansa Azərbaycanda yaşayıb, Qarabağda olub? Vardanyan Ermənistan vətəndaşı belə deyildi. Paşinyanın dediyi kimi onu Moskvadakı müəyyən dairələrin təlimatı ilə Qarabağa göndərmişdilər. Vardanyan Qarabağda Azərbaycana meydan oxuyurdu. Təbii ki, Azərbaycan dövləti bunlara yol verə bilməzdi və vermədi. Biz beynəlxalq akademik, elmi dairələri də cəlb edərək həqiqətləri Qərb dünyasının, beynəlxalq ictimaiyyətin, obyektiv qüvvələrin diqqətinə çatdırmalıyıq. Çalışmalıyıq ki, erməni diasporu bu şəkildə dünyanı aldatmağa davam edə bilməsin".