“Azərbaycan gəncliyi öz vətənpərvərliyini sübut etdi”

Prezident İlham Əliyevin 2021-ci ilin 17 oktyabr tarixində Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı qeyd edib ki, əsas vəzifəmiz gəncləri vətənpərvərlik ruhunda böyütməkdir. Çünki bu olmasa, bizim arzularımız yarımçıq olacaq. Ali Baş Komandanın sözlərinə görə, Vətənpərvərlik olsa, Vətənə bağlılıq olsa, heç bir qüvvə bizim qabağımızda dura bilməz:

"Bizi həm müharibədən əvvəl, həm müharibə zamanı, həm də bəziləri müharibədən sonra hədələməyə çalışırdılar və çalışırlar. Amma bütün bu səylər puça çıxdı. Çünki heç kim bizim iradəmizi əyə bilməz. Biz qeyri-bərabər savaşa, qeyri-bərabər mübarizəyə hər an hazırıq, ölümə getməyə hazırıq, amma öz ləyaqətimizi, öz qürurumuzu, öz müstəqilliyimizi heç kimə güzəştə getməyəcəyik. Bunu hər kəs bilsin".

Gənclərin milli  vətənpərvərlik ruhunda tərbiyəsi dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri olduğunu vurğulayan "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, əsası Heydər Əliyev tərəfindən qoyulan bu siyasət hazırda prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

“İndiyə qədər aparılan dövlət gənclər siyasətinin mərkəzində Azərbaycan gəncliyini müasir dünyanın  çağırışlarına cavab verəcək,  hazırlıqlı, müasir eyni zamanda milli mənəvi dəyərlərə bağlı vətənpərvər yetişdirmək prinsipi dayanıb. Biz bu gün tam əminliklə deyə bilərik ki, həyata keçirilən dövlət gənclər siyasəti özünün müsbət nəticələrini göstərməkdədir. Biz xüsusən də vətən müharibəsi dövründə Azərbaycan gəncliyinin böyük rəşadətinə şahidlik etdik. Bu özünü həm ön, həm də arxa cəbhədə göstərdi. Gənclik öz vətənpərvərliyini ön cəbhədə əlisilahlı  əsgər kimi, arxa cəbhədə isə informasiya müharibəsinin döyüşçüsü kimi göstərdi. Bir çox hallarda ictimaiyyətin bir sıra nümayəndələrinin gileyləndiyi, gələcəyi ilə bağlı bədbin proqnozlar verdiyi Azərbaycan gəncliyi bütün bunların tam əksini sübut etdi. Gəncliyimiz göstərdi ki,  o bu müddət ərzində öz dövlətinə, millətinə sadiq vətənpərvər gənc kimi formalaşıb. Ölkə başçısının qeyd etdiyi məqamlar mühüm əhəmiyyət daşıyır. Bu gün müharibə bitmiş olsa da, düşmənin informasiya cəbhəsində, hətta bəzi hallarda hərbi müstəvidə təxribatları bitmir. Şübhəsiz ki, belə bir şəraitdə  ölkə gəncliyi hər zamankından daha ayıq-sayıq, vətənpərvər və diqqətli olmalıdır. Bu çox önəmlidir. Təbii ki, bu siyasət kompleks şəkildə həyata keçirilməlidir. Biz elə bir coğrafiyada doğulmuşuq ki, bizə lap kiçik yaşlarımızdan vətənə, dövlətə, millətə sevgi, vətənpərvərlik aşılanır. Bunun məntiqi ardıcıllığı orta məktəblərdə daha sonra universitetlərdə həyata keçirilir”.

 F.Şahbazlı vurğulayıb ki, bu istiqamətdə gənclərin  birləşdiyi  təşkilatların  üzərinə böyük məsuliyyət düşür:
 
"Onlar da gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi üçün çalışmalıdırlar.  Ölkə başçısının qeyd etdiyi istiqamətdə müvafiq qurumlar təhsil nazirliyi, gənclər və idman nazirliyi eyni zamanda ictimai təşkilatlar rol oynamalıdırlar. 

Təbii ki ,bu mövzuda ən vacib məqamlardan biri ailələrin  apardığı təbliğatdır. Hər şeydən əvvəl üzərində yaşadığımız, suyunu içib, çörəyini yediyimiz Azərbaycanın varlığı bizi ona sədaqətlə xidmət etməyə, ona bağlı yaşamağa sövq edir. 

İndiki halda hesab edirəm ki,  Azərbaycan gəncliyi olduqca vətənpərvər, vətənə ,millətə sevgi duyacaq ruhda yetişib. Əminəm ki ,bu gənclik özündən sonrakı gəncliyi də belə vətənpərvər  yetişdirəcək”.