ABŞ yenidən öz şərtlərini diktə etmək niyyətindədir -ŞƏRH

Əgər istədiyi alınmasa, HƏMAS-İsrail müharibəsini bəhanə edib İrana qarşı sərt addımlar ata bilər
 
 
 “Biz demişdik ki, ilin sonuna qədər İsrail-HƏMAS müharibəsi dayanmasa, dünya müharibəsi açıq fazaya keçə bilər. İranın nüvə silahı hazırlamasına ABŞ-nin indiyəcən göz yumması onunla əlaqədar idi ki, İran bu silahı digər sünni müsəlman dövlətlərə qarşı təhdid vasitəsi olaraq istifadə edəcək”.
 Bu sözləri İran İslam Respublikasının  atom bombası yaratmaq ərəfəsində olduğuna dair iddiaları şərh edən  Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan  deyib.  
Siyasi şərhçinin “Sherg.az”a açıqlamasına görə, İranda prezidentin dəyişməsi, islahatçı şəxsin bu posta gəlməsi və dərhal da müsəlman ölkələri ilə isti münasibət fikrində olması ABŞ-ni narahat edən amillərdəndir: 
“ABŞ elə mövqe nümayiş etdirir ki, sanki İranın nüvə hazırladığından indi xəbər tutub. Amerika sadəcə bunu bəhanə edərək İranla münasibətləri istiləşdirən müsəlman ölkələrinə təziq göstərmək istəyir. Məqsəd isə İranın müsəlman dövlətləri ilə yaxınlaşmasımın maksimum qarşısını almaqdır. Məsud Pezeşkian islahatçı və Azərbaycan əsilli olduğu üçün əsasən birləşməkdə olan türk dövlətləri ilə daha da yaxınlaşmağa meyilli ola bilər ki, bu da türk birliyi fonunda müsəlman birliyi də yarada bilər. Belə olduğu halda iki nüvə dövləti Pakistan və İran müsəlman birliyinin Qərbin hesablaşmağa məcbur qaldığı dövlətlərinə çevrilə bilər. İranın nüvəni indiyəcən zənginləşdirməsinə süni etirazlar fonunda ciddi və əməli təsirlərin olmaması ABŞ-nin İran haqda mövqeyinin göründüyü kimi olmadığını göstərir. İraqda saxta və yalan məlumat əsasında nüvə hazırlanır deyə böyük bir savaş çıxarıb Səddam Hüseyn hakimiyyətini devirən ABŞ nüvə məsələsində İrana tamam başqa rakursdan yanaşır. Halbuki onda nüvənin izi-tozu da yox idi, lakin İran dünyadan gizli olmadan nüvəni zənginləşdirir”.

 T.İrfanın sözlərinə görə, ABŞ-nin  İrana qarşı addımlarının nə olacağı hazırkı İran prezidentinin mövqeyinə, siyasətinə bağlıdır:
 “Amerika bu məsələni sanki indi xatırlayırmış kimi İranda təzə prezident seçilən kimi gündəmə gətirməsi Məsud Pezeşkianın nəbzini yoxlamaq üçündür. İranın nüvə hazırlaması türk və müsəlman dövlətlərə, dünyadakı sülhün qorunmasına əngəl olmayacaqsa, bu, yalnız Qərb üçün təhdiddir. ABŞ-nin bir neçə ərəb ölkələri vasitəsilə İranla gizli danışıqlar apardığı deyilir. Olsun ki, əvvəlki prezidentlər dövründə bu danışıqlar hər iki tərəfi qane edirdi. Hətta İranın İsrailə dron hücumu da bunun fonunda ABŞ tərəfindən tolerant qarşılanmışdı. Fəqət indiki prezidentin Azərbaycan əsilli olması vəziyyəti dəyişdi, ola bilsin, ABŞ yenidən öz şərtlərini diktə etmək niyyətindədir. Əgər istədiyi alınmasa, HƏMAS-İsrail müharibəsini bəhanə edib İrana qarşı sərt addımlar ata bilər. Ona gərə də İran türk və müsəlman dövlətlər ilə əlaqələri sıxlaşdırıb, münasibətləri düzəltməlidir. Əks halda ABŞ İranı embarqolar, iqtisadi məhrumiyyətlər ilə təkləyib İraqın vəziyyətinə gətirə bilər. Onsuz da İranın Livan və Fələstindəki dirəniş cəbhəsini İsrailin əli ilə məşğul edib zəiflədir. Yəmən cəbhəsini də Səudiyyə vasitəsilə məşğul edir. Suriyada özü məşğul olur birbaşa. Yerdə qalır İranın özü. Nüvə məsələsi ABŞ-nin İrana müdaxiləsi üçün sadəcə bir tələdir və bəhanə vasitəsidir”.
 Qeyd edək ki, ABŞ-nin 9 düşüncə mərkəzi  birgə bəyanat yayaraq  xəbərdarlıq edib ki,  İran İslam Respublikası atom bombası yaratmaq ərəfəsindədir və bunun qarşısını almaq üçün nəsə etmək lazımdır:  “İslam Respublikası bir neçə gün ərzində bir neçə nüvə silahı istehsal etmək üçün lazım olan uranı istehsal edə bilər və bunun qarşısını almaq üçün təcili tədbirlər görülməli, Amerikanın növbəti prezidenti etibarlı hərbi variantları nəzərdən keçirməlidir”.  
 Həmçinin bəyanatda dünyanın diqqətinin İsrail-HƏMAS müharibəsinə və 2024-cü ildə ABŞ-də keçiriləcək prezident seçkilərinə yönəldiyi bir vaxtda Tehranın davamlı və sakit şəkildə nüvə zənginləşdirmə fəaliyyətlərini artırdığı da qeyd olunub.