Komitə sədrinin təklifi dəstəklənmədi: “Bu, evin xanımını alçaltmaqdır”

Novella Cəfəroğlu:“Qadın işləməyib övladına baxırsa, hökumətin ona pul verməlidir”

Natiq Cəfərli:“Xanımların müəyyən dəstəyə ehtiyacı varsa, müxtəlif sosial yardımlar vasitəsilə dövlət  təminat həyata keçirə bilər. ”



"Kişilər ev işləri görən xanımlarına pul ödəməlidir". Yəqin ki, bu başlıq çoxunuza tanışdır. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən konfransda deyib. Komitə sədri bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər üç qadından 1-i ya evdə, ya işdə zorakılığa məruz qalır: “Bu gün işsiz qadınlar 57,5 faiz təşkil edir. Baxmayaraq ki, əmək qabiliyyətli qadınların sayı kişilərin sayından çoxdur. Əsas diskriminasiya burada qadın əməyinin kişi əməyinə nisbətən az qiymətləndirilməsidir. Bu, bütün dünyada belədir. Azərbaycanda qadınların əməyi kişi əməyindən daha az qiymətləndirilir. 

Bunun bünövrəsi iqtisadi azadlıqdadır. Əgər iqtisadi azadlıq olmayacaqsa, biz sosial azadlığı da təmin edə bilməyəcəyik. Ev işlərinin, ailə üzvlərinə qulluqla bağlı haqqı ödənilməyən iş saatlarının 77 faizi qadınların payına düşür. Bu haqqı zəhmət çəkib kişi ödəməlidir. Çünki əgər evdə qadın olmasa, kişi bu işi görmək üçün kimisə tutmalıdır. Elmi-texniki fəaliyyət sahəsində qadınların əməkhaqqısı kişilərin əməkhaqqısının yalnız 47 faizini təşkil edir. Səhiyyə və sosial xidmətlər sahəsində bu rəqəm 63 faizdir. Baxmayaraq ki, bu sahədə qadınlar kişilərdən daha çoxdur. Qadın sahibkarlar sayında da rəqəm aşağıdır. Sahibkar qadınların sayı sahibkar kişilərin sayından 3,7 dəfə azdır”.YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov isə Musa Quliyevin ev işi görən qadınlara pul ödənməsi fikri ilə razılaşmayıb. T.Budaqov bildirib ki, Azərbaycan qadınları ailəyə bağlıdır: 

“Burada beynəlxalq təcrübə ilə yanaşı, cəmiyyətin fikri də nəzərə alınmalıdır”. Musa Quliyev isə bir daha təkrar edib ki, qadının evdəki zəhməti kişilər tərəfindən qiymətləndirilməlidir:

 “Bu təklifi qadının evdə gördüyü işin qiymətləndirilməsi üçün verdim”.

Məsələ ilə bağlı "Sherg.az"la fikirlərini bölüşən hüquq müdafiəçisi Novella Cəfəroğlu vurğulayıb ki, deputat Musa Quliyev öncə ailə quruculuğundan danışmağa başlamalı idi. Onun sözlərinə görə, ailədə qadına gördüyü işə görə pul vermək onu alçaltmaq deməkdir:

"Ümumiyyətlə, pul evdə olmalıdır. Həmin pulu xərcləməyi də  qadınla kişi birlikdə həll etməlidirlər. Evdar qadın pensiya yaşına çatanda  alacağı məbləği qaldırmalıdırlar. Çünki evdə oturub övladına tərbiyə verən qadın olub. Evdə olduğu müddəti təcrübə kimi hesab etməlidirlər. Amma "Kişi xanımına ev işlərinə görə pul ödəməlidir" fikri hansı məntiqə sığır?!"

N.Cəfəroğlu diqqətə çatdırıb ki, qadın işləməyib övladına baxırsa, hökumətin ona pul verməlidir:
"Kişi onsuz da xanımına pul verir. Vermir ki?! Mən başa düşmürəm. Evdə xərc bir yerdə olmur?! Onu öyrətmək lazımdı,  kişi qazandığı pulu evə gətirəndə bir yerə qoymalıdır, hamı xərcləyə bilsin".

İqtisadçı Natiq Cəfərli isə "Sherg.az"a açıqlamasında vurğulayıb ki, bu təklif gender bərabərliyinə, hüquqi bərabərliyə o qədər də uyğun gəlmir:

“Əks proses olarsa, necə etmək lazımdır? Əgər bir ailədə kişi işləmirsə, qadın işləyirsə, ev işləri ilə kişi məşğul olursa, qadın kişiyə pul ödəməlidir? Qarşılıqlı hörmət, bir-birinə kömək ailənin təməl bünövrəsidir. Kişilər də, qadına ev işlərində kömək etməli və məsuliyyəti bərabər şəkildə aralarında bölməlidirlər. Xanımların müəyyən dəstəyə ehtiyacı varsa, müxtəlif sosial yardımlar vasitəsilə dövlət  təminat həyata keçirə bilər. Məsələn, bunlardan biri də uşaqpuludur. Bununla ailələrin məişət problemlərinə dəstək olmaq mümkündür”.