Bakı Dövlət Universitetində (BDU) Jurnalistika fakültəsi Tədris tele-radio Studiyasının (BDU TV) hazırladığı “Bakı Dövlət Universiteti Vətən müharibəsi dövründə”sənədli filminin təqdimat mərasimi keçirilib.
"Sherg.az" xəbər verir ki, tədbirə Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə start verilib. Ardınca, ölkəmizin Azərbaycanın ərazi bütövlüyünün qorunması, bərpası, torpaqların işğaldan azad edilməsi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, 44 günlük Vətən müharibəsi müzəffər Ali Baş Komandanın və rəşadətli ordumuzun peşəkar döyüş taktikaları nəticəsində zəfərlə başa çatıb. Azərbaycanın haqq, ədalət yolunda hər kəs dəmir yumruq kimi birləşərək, xalq-ordu birliyini nümayiş etdirib. 27 sentyabr tarixindən başlayan müharibənin hər anında Bakı Dövlət Universitetinin kollektivi Ali Baş Komandanın, Azərbaycan ordusunun yanında olub, həmin vaxtlarda bir sıra layihələrə imza atılıb. BDU-da 44 günlük Vətən müharibəsində şəhid, qazi tələbə və məzunlara diqqət, qayğı göstərilməsi istiqamətində tədbirlər planına uyğun olaraq, Jurnalistika fakültəsinin Tədris tele-radio studiyası (BDU TV) “Bakı Dövlət Universiteti Vətən müharibəsi dövründə” sənədli filmi ərsəyə gətirib.
Sənədli filmin hazırlanmasında isə əsas məqsəd BDU-nun şəhid məzunlarının əziz xatirəsini yaşatmaq, onların şərəfli döyüş yolunu yaddaşlara əbədi həkk etmək, tələbə gənclər arasında təbliğ etmək, eyni zamanda universitetin Vətən müharibəsi dövründəki fəaliyyətinə nəzər yetirməkdir.
Ardınca sənədli film tədbir iştirakçılarına təqdim olunub.
Filmin təqdimatından sonra BDU sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Əliş Ağamirzəyev, Jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli, Jurnalistika fakültəsinin dekan müavini Sevinc Əliyeva, BDU məzunu Qarabağ qazisi Pərviz Aslanov çıxış edərək universitet rəhbərliyinin və kollektivinin 44 günlük Vətən müharibəsindəki fəaliyyətinə toxunub və film haqqında təəssüratlarını bölüşüblər.
Sonda Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu Bakı Dövlət Universiteti rəhbərliyi başda olmaqla, sənədli filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib.