Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı artıb


Üç vacib amil insanları ölkəmizə gəlməyə vadar edir

Cari ilin yanvar-sentyabr ayları ərzində daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb. Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1847 nəfər gələn, Azərbaycandan isə 355 nəfər gedən qeydə alınıb. 

Qeyd olunan müddət ərzində miqrasiya saldosu müsbət 1492 nəfər təşkil edib. Ötən illə müqayisədə daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı artıb. Belə ki, ötən ilin eyni dövründə daimi yaşamaq üçün Azərbaycana 1241 nəfər gələn, Azərbaycandan isə 461 nəfər gedən qeydə alınıb.

 Məsələyə aydınlıq gətirən Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov “Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycanın bir çox sahələrində olan inkişaf insanları cəlb edir. Ekspertin sözlərinə görə, məhz bu səbəbdən də bir çox insanlar Azərbaycanda daimi yaşamaq üçün bura üz tuturlar:

 “Ümumiyyətlə, 2008-ci ildən etibarən Azərbaycanda miqrasiya saldosu müsbətdir. Elə 2008-ci ildən etibarən də bu saldonun hər ildən-ilə artdığının biz şahidi oluruq. Ona görə də burada təəccüblü bir şey yoxdur. Sadəcə olaraq, 2020 və 2021-ci ilin göstəricilərindəki fərqdə miqrasiya saldosunun kifayət qədər yüksək olduğunu aşkar edirik. Bu, daha çox pandemiya ilə əlaqəli olan bir məsələdir. Bəllidir ki, keçən ildən etibarən Azərbaycanın qonşu ölkələrlə, quru torpaqlar üzərindən müəyyən güzəştlər tətbiq olunmağa başladı. Bu hardasa, miqrasiya proseslərinə bu və ya digər formada təsir elədi. Digər tərəfdən də ölkə ərazisinə daimi əsaslarla gəlmək məsələsinə gəldikdə isə bu da bilavasitə bununla bağlı olan bir məsələdir. Çünki faktiki olaraq, xarici ölkəyə səfər edənlər həmin ölkənin qanunvericiliyinə uyğun olaraq ölkəyə səfər edir. Pandemiya səbəbindən tək sərhədlər üzərində yox, eləcə də ölkələrdə məskunlaşmaq, müvəqqəti yaşayışa icazə verilməsi, əmək müqavilələrinin bağlanmasında da müəyyən məhdudiyyətlər tətbiq olunmağa başladı. Bu da nəticə etibarilə həmin ölkələrə gedən və orada daimi əsaslarla məskunlaşmaq istəyən insanların sayının azalmasına gətirib çıxardı. Amma Azərbaycana gəlib burada daimi əsaslarla yaşamaq istəyənlər təbii ki, bir qayda olaraq Azərbaycana gəlir və burada məskunlaşırlar. Eyni zamanda burada qanunvericilik də buna imkan verir. Ölkədə gəlib daimi yaşamaq icazəsi və ya müvəqqəti yaşamaq icazəsi alanlara elə sərt qadağalar tətbiq olunmur. Üçüncü amil isə burada istər-istəməz bu ölkənin iqtisadi inkişafı ilə bağlı olan amillərdir. Ümumiyyətlə, insanlar o ölkələrə üz tuturlar. Orada siyasi, iqtisadi, sosial cəhətdən kifayət qədər sabitlik mövcuddur. Orada insanlar çox rahat şəkildə öz gələcəyini qura bilirlər. Bu baxımdan da Azərbaycanda bu istiqamətdə bir çox müsbət dəyişikliklər var. Həmçinin, faktiki olaraq Azərbaycanda bir çox sahələrdə inkişaf var, buna görə də insanlar Azərbaycana üz tuturlar və burada daimi əsaslarla yaşamağa dair öz niyyətlərini bildirirlər”.