Türkiyə helikopter qəzasına görə Azərbaycana başsağlığı verdi 


Türkiyə Xarici İşlər Nazirliyi Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinin hərbi helikopterində həlak olanlarla bağlı Azərbaycan tərəfinə başsağlığı verib.
Qurum bununla bağlı “Twitter”də paylaşım edib.
“Azərbaycanın Xızı rayonundakı “Qaraheybət” poliqonunda təlim uçuşu həyata keçirən hərbi helikopterin qəzaya uğraması, qəzada şəhidlərin və yaralananların olduğu dərin hüznlə öyrənilib. Şəhidlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik”, - deyə XİN-dən bəyan edilib.

Bundan başqa Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı da Azərbaycana başsağlığı verib.

Qardaş Azərbaycanda hərbi təlimdə helikopter qəzası nəticəsində şəhid və yaralıların olması bizi dərindən kədərləndirdi. Hərbi təlim zamanı dünyasını dəyişənlərin ailələrinə,silahdaşlarına və qardaş Azərbaycan xalqına başsağlığı bildirir,yaralılar üçün Allahdan şəfa diləyirik.

Həmçinin Türkiyənin Milli Müdafiə Nazirliyi də hərbi helikopterində həlak olanlarla bağlı dərin kədərini ifadə edib.