Xəbər verildiyi kimi, dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağı 29 sentyabr-2 oktyabr tarixlərində Bakı şəhərində keçirilir.
APA xəbər verir ki, bu münasibətlə sentyabrın 29-da Bakı Konqres Mərkəzində tədbirin açılış mərasimi keçirilib.
Ətraflı
Mərasimdə Təşkilatın 29-cu İllik Konfransı və Ümumi Yığıncağında müxtəlif ölkələrin Baş prokurorları və digər yüksəkvəzifəli şəxsləri də daxil olmaqla, 95 ölkədən 465-dən artıq şəxs iştirak edib.
İlk öncə Baş prokuror Kamran Əliyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin mərasim iştirakçılarına salamı və 29-cu İllik Konfrans və Ümumi Yığıncağın açılışı ilə bağlı təbriklərini çatdırıb.
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iclasda çıxış edərək böyük coğrafiyanı əhatə edən Beynəlxalq Prokurorlar Assosiasiyasına üzv dövlətlərin hüquq-mühafizə orqanları arasında qarşılıqlı və səmərəli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Baş prokuror dostluq təməlləri əsasında keçiriləcək Assosiasiyanın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının regional təhlükəsizliyə, cinayətkarlığın bütün növlərinə qarşı birgə mübarizəyə xidmət edəcəyini, mövcud potensialın inkişafında və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsində səmərəli vasitə olacağını bildirib.
Azərbaycan prokurorluğunun keçdiyi inkişaf yolu barədə tədbir iştirakılarına məlumat verən Kamran Əliyev bildirib ki, ölkə prokurorluğunun müstəqil dövlətçiliyimizin bərpasından sonrakı fəaliyyətinin ən mühüm xüsusiyyəti onun müstəqil dövlət təsisatı kimi formalaşması, öz funksiyalarını tamamilə yeni - siyasi plüralizm və bazar iqtisadiyyatı, insan və vətəndaş azadlığı prinsipləri əsasında qurulan hüquqi dövlətin, demokratik cəmiyyətin tələbləri ilə uzlaşdırması olub.
Qeyd edilib ki, Azərbaycan prokurorluğunun hər kəsin qanun qarşısında hüquq bərabərliyi, fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik və faktlara əsaslanma, vahidlik və mərkəzləşdirmə prinsipləri ilə fəaliyyət göstərməklə beynəlxalq standartlara uyğun dövlət təsisatı kimi formalaşması ulu öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində mümkün olub.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan baş prokuror Kamran Əliyev, tədbirin Azərbaycanda keçirilməsi böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Həmçinin, COP29 zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi -UNODC ilə birgə noyabrın 15-də “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil olunacağını qeyd edib.
Daha sonra çıxış edən Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti, Buenos-Ayres Muxtar Şəhərinin Dövlət Prokurorluğu Xidmətinin Baş prokuroru Juan Bautista Mahiques 29-cu İllik Konfransın və Ümumi Yığıncağın fəaliyyətə başlaması münasibətilə iştirakçıları təbrik edib, uğurlar arzulayıb.
Juan Bautista Mahiques qonaqpərvərliyə, Assosiasiyanın işinə verilən dəyərli töhfə və daimi dəstəyə görə baş prokuror Kamran Əliyevə təşəkkür edib və Beynəlxalq Prokurorlar Assosiasiyasının gələcək strategiyası, hədəfləri barədə məlumat verib.