Azərbaycan qardaşlığı və dostluğu, hər sahədə olduğu kimi, hərbi sahədə də sonsuza qədər davam edəcək
Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu” təsdiqlənib. Deputatlar memorandumun iki qardaş ölkə arasındakı hərbi əməkdaşlığı daha da gücləndirəcəyini vurğulayıblar.
Türkiyənin Azərbaycandakı keçmiş Hərbi Attaşesi, ehtiyatda olan general Yücel Karauz Sherg.az-a Türkiyə ilə Azərbaycan arasındakı hərbi əməkdaşlığın 1992-ci ildə başlayan, köklü ənənəyə malik hərbi təhsil əməkdaşlığı olduğunu bildirib:
"1992-ci ildən sonra 1996-cı ildə, 2000-ci ildə və 2010-cu ildə bu hərbi təhsil əməkdaşlığı razılaşmaları daha da genişləndirildi. Ən son Şuşa Bəyannaməsində hərbi təhsil əməkdaşlığı fəaliyyətlərinin müasir çağın tələb etdiyi təhlükələri qarşılaya biləcək, hibrid müharibələrin tələblərinə cavab verəcək şəkildə genişləndirilməsi qərara alındı. Buna görə də iki ölkənin müdafiə nazirlikləri ilə birgə hərbi təhsil əməkdaşlığı razılaşması imzalandı. İmzalanan razılaşma dünən Azərbaycan Milli Məclisində təsdiqləndi. Təsdiqlənən son memorandum hərbi təhlükəsizlik sahəsində koordinasiya və əməkdaşlığın dərinləşdirilməsi, ortaq təhsil proqramlarının artırılması, müdafiə sənayesi əməkdaşlığı və potensialın inkişafı, ortaq istehsal məsələləri, ortaq təlimlər və personal mübadiləsini, həmçinin qarşılıqlı ərazi bütövlüyü və suverenliyin müdafiəsinin gücləndirilməsi prinsiplərini əhatə edir".
General bu razılaşmanın Şuşa Bəyannaməsinin ruhuna və fəlsəfəsinə uyğun bir əməkdaşlıq olduğunu söyləyib:
"1992-ci il razılaşması Azərbaycan ordusunun yaradılması və təhsil proseslərində Türkiyənin rolunu müəyyən etdi. 1996-cı ildə birgə təhsil və texniki əməkdaşlıq yüksək səviyyəyə qaldırıldı. 2000-ci ildən sonra təhsil mərkəzləri və NATO uyğunluğunda təhsil mexanizmləri inkişaf etdirildi. Bütün bunlar 2010-cu il strateji razılaşması və 2021-ci il Şuşa Bəyannaməsi ilə hərbi-strateji səviyyəyə çatdı. 2025-ci il müqaviləsi mövcud əlaqələri institusional və əməliyyat səviyyəsində genişləndirərək təlim, təhsil, müdafiə sənayesi fəaliyyətlərinə yönəltdi. Azərbaycan qardaşlığı və dostluğu, hər sahədə olduğu kimi, hərbi sahədə də sonsuza qədər davam edəcək . Allah dostluğumuzu və qardaşlığımızı daim etsin".