Bacısı Qənirə Paşayevadan yazdı -  Bilirəm, ruhu şaddır 

Dünyada çox az insan Haqqın rəhmətinə qovuşduqdan sonra da unudulmur – tarix və cəmiyyət onu əbədiləşdirir – fiziki ömrü mənəvi ölümsüzlükdə davam edir. Mübarizələri, əsərləriylə həyatda əbədi olaraq qalmağı bacaran o insanlar, sahib olduqları və uğrunda ömür qoyduqları milli-mənəvi, bəşəri dəyərlərə xidmətə davam edərlər...
Milli-mənəvi, maddi, qeyri-maddi irsi öyrənən, təbliğ-tərənnüm və tədqiq edən insanlardan elələri var ki, onların öz həyat və yaradıcılğı, əsərləri də irsə çevrilir. Məhz belə insanlar əməli çalışmaları, yaradıcılıqları ilə öz ömür yollarında əbədi yolçu olarlar – “uzun, incə bir yolda” yürürlər... O insanlar, o Yollar unudulmur – bu, Ağsaçlı Tarixin çoxsaylı təcrübələrinə sabitdir.
Könüllərimizi işıqlandıran, qısa - ancaq çox anlamlı ömrü ilə özünəxas örnək yaradan belə insanlardan biri də Türk dünyasının unudulmaz qızı Qənirə Paşayevadır.
28 sentyabr 2023-cü ildə Qənirə Paşayeva bizdən əbədi ayrıldı. -“Ayrıldı” yazıram… dərhal da vurğulamaq istəyirəm ki, hər ayrılıq bir başlanğıcdır axı... Axı hər keçən gün bizi haqq dünyasında olan doğmalarımıza daha da yaxınlaşdırır – bu, kainatın ruhundan, yaradılışın fitrətindən, bir sözlə, Tanrının pozulmayan nizamından bəllidir...
Qənirə Paşayeva – bizim qənirsiz Qənirəmiz!
“Mən övladlarımı xalq üçün yetişdirirəm” deyən iki idealist müəllimin - Ələsgər Paşayev və Tehran xanım Nağıyevanın övladıdır Qənirə! Elə də oldu. - Qənirə Paşayeva qısa (ancaq məna dolu!) ömrünü dövlətinə, ölkəsinə, millətinə adadı.
Qənirə Paşayeva! – Bu adın qarşısında xeyli titullar, yazmaqla  bitməyəcək təltiflər, mükataflar yaza bilərik: Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Asiya Parlament Assambleyası (APA) sədrinin müavini, Millət vəkili, bir çox parlamentlərarası işçi qrupunun rəhbəri və ya üzvü, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin qurucu-sədri, siyasi elmlər doktoru, professor, eyni zamanda qardaş və dost  ölkələrin, neçə-neçə şəhərinin fəxri vətəndaşlığı baratını almış aydınımız. Bununla belə, bir insanı ən yaxşı nə ifadə edər? – Əlbəttə, əsərləri, əməlləri! Qənirə xanımın çoxsaylı yazıları, kitabları, filmləri, şeirləri, şeirlərinə yazılan bəstələr, layihələri... bu yazıların, kitabların, filmlərin, layihələrin yanısıra minlərlə, onminlərlə insanla şəxsən görüşərək, qayğılarına aşina olması, gücünün, yetkisinin çatdığınca dəstək göstərməsi, eləcə də, Milli Məclisdə, beynəlxalq arenada, yüksək kürsülərdə yerli və xarici mətbuatda çıxışları, dünyanin dörd bir yanında məruzəçı olduğu sammitlər, konfranslar, o cümlədən jurnalistika fəaliyyəti onun parlaq əsərləridir.
Qənirə xanım Paşayeva yaratdığı əsərləri, unudulmaz əməlləri ilə könüllərdə yaşayacaqdır!
Qənirə Pşayeva!    Azərbaycanın Ümummilli Lideri, müstəqil dövlətimizin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin  məktəbinin  layiqli tələbələrindən biri idi. O Ulu Öndərimiz tərəfindən müəyyən edilmiş, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi  altında  uğurlu şəkildə  davam etdirilən dövlətçilik  idealogiyasını və kursunu  mənimsəyərək   həyatı boyunca bu yolda irəllədi  və fəaliyyətini bu istiqamətdə davam etdirdi.

Qənirə Paşayeva! – Bəli, biz bu adın qarşısında xeyli titullar yazdıq, lakin onu da bilirik ki, o, niyəsiz-necəsiz sevgilər-sayğılar qazanmış Qənirə Paşayeva idi. O, öz fədakar əməyi ilə, necə deyərlər, imzasını titula çevirməyi bacarmış Yanar Ürək sahibiydi!
Qənirə Pşayeva! - Bir sevda insanı idi. Onun sevdasını adı Azərbaycanın, Türk dünyasının birlik-bərabərliyi idi. Qənirə Paşayeva  bütün şüurlu həyatı boyunca bu sevda uğrunda yürüdü… Azərbaycan həqiqətlərini gücünün yetdiyincə təbliğ etdi, tanıtdı, yaydı. “Xocalının alındığını eşidim, Tanrı canımı alsın” deyən də Qənirə Paşayevaydı... – Tanrı onun - əziz bəndəsinin səsni eşitdi və bu dünyaya gözlərini Xocalının, Xankəndinin qurtuluşunun, şər ocağının söndürülməsinin sevinci içində yumdu!
İndi Azərbaycan öz Dəmir Yumruğu ilə yeni gerçəkliklər yaradıb.
Türk Dünyası artıq daha güclü bir şəkildə “ortaq keçmişdən ortaq gələcəyə” addımlayır!
Ruhu şaddır – bilirəm!
Qənirə Paşayeva! – Sadəcə, Hüseyn, Aslan və Kəmalənini bacısı deyildi –  millətinin, Vətəninin övladı və bacısı idi!..

O, bizim dostumuz – dost kimi dost, sirdaş kimi sirdaşımiz idi!
Biz onunla yenə dərdləşirik – ruhun ölməzliyinə inanlaranlar bizi daha yaxşı anlayar. Sevdiklərimiz haqq dünyasında olsun ya bu dünyada – biz öz uğurlarımızı, sevincimizi, kədərimizi ilk onlarla bölüşürük...

Ürək sözlərimi ona - əziz Qənirə xanıma səslənişlə bitirmək istəyirəm:

Sənə sonsuz rəhmət diləyirəm,
ey bacıdan irəli bacı,
dostdan irəli dost,
vətəndaş kimi vətəndaş,
adam kimi adam!
Türk dünyasının dörd yanında səni sevgiylə, sayğıyla xatırlayırlar! Mənəvi varlığın həmişə bizimlə bərabərdir. Sən qəlbimizdə, düşüncələrimizdə həmişə var olacaqsan, Türk dünyasının unudulmaz aydınlarından biri olaraq könlümüzdə qalacaqsan! Bu dünyada könüldən uca yer varmı?

Kəmalə Paşayeva