Ermənistan müharibə cinayətlərinə, işğalçılığa, maddi-mənəvi, ekoloji zərərə görə təzminat ödəməlidir
İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi üçün dövlət büdcəsindən xeyli miqdarda vəsait ayrılıb. Qarabağ və Şərqi Zəngəzura ayırdığımız vəsait Ermənistanın dövlət büdcəsindən çoxdur. Ermənistan dövlətinin 30 illik işğal dövründə Azərbaycana vurduğu ziyanın həcmi o qədər böyükdür ki, İrəvan onu ödəmək iqtidarında deyil. Amma bu o demək deyil ki, biz Ermənistana güzəştə getməliyik. Təzminatın alınması üçün hüquqi müstəvidə işlərə başlanılmalıdır. Beynəlxalq məhkəmədə cavabdeh tərəfin Ermənistan olduğunu sübut etmək çətin olmayacaq. Çünki Ermənistanın həm indiki, həm də əvvəlki hökumətləri də qeyd olunan ərazilərin Azərbaycana məxsusluğunu etiraf ediblər. Təzminatın müəyyən edilməsi üçün beynəlxalq qiymətləndirici şirkətlər Qarabağa dəvət olunmalı, ərazilərdə monitorinq aparılmalı və yekun məbləğ müəyyən olunmalıdır. Ola bilsin, dövlətimiz bu işə artıq start verib. Ekspertlərin fikrincə, təzminat həm maddi qaydada, həm də alternativ formada ödənilə bilər. Söhbət Ermənistanın hansısa əraziləri təzminat əvəzinə Azərbaycana verməsindən gedir. Ermənistan təzminat əvəzinə hansısa ərazilərin Azərbaycana verilməsini təklif edə bilər.
Politoloq Turab Rzayev deyib ki, Ermənistan işğal dövründə Azərbaycana böyük həcmdə maddi-mənəvi və ekoloji zərər vurub. Ekspert bildirib ki, ermənilər torpaqlarımızı işğal etməklə yanaşı, şəhər və kəndlərimizi də viran qoyublar, tikililəri, tarixi abidələri yerləyeksan ediblər:
"Ermənistan 30 illik işğal dövründə torpaqlarımızı viran qoymaqla yanaşı, ekologiyanı da korlayıb, meşələri qırıb, təbii resurslarımızı mənimsəyib. İşğalın davam etdiyi 30 il ərzində Azərbaycana milyardlarla dollar zərər dəyib. Bütün bunlar erməni işğalçılarının müharibə cinayətləri sayəsində baş verib. Təbii ki, buna qarşı hüquqi müstəvidə mübarizəmiz davam etməlidir. Ermənistan müharibə cinayətlərinə, işğalçılığa, maddi-mənəvi, ekoloji zərərə görə təzminat ödəməlidir. Düzdür, indiki zamanda torpaq iddiasının nəticə verəcəyini düşünmürəm. Bunun üçün beynəlxalq siyasi konyuktura uyğun deyil. Amma burada nə etmək olar? Azərbaycan bu məsələni daim gündəmdə saxlamaqla İrəvana təzyiq vasitəsi kimi istifadə edə bilər".