İqtisadi siyasət Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edir
Sentyabrın 26-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirədə ilin əvvəlindən əldə edilən uğurlar və bu ilin sonuna kimi görüləcək işlər haqqında da fikir mübadiləsi aparıldı. Ölkə başçısı öz çıxışında ilin əvvəlindən iqtisadi inkişafın gözlənilən səviyyədə olduğunu qeyd edərək bildirdi ki, iqtisadi artım 4,3 faiz təşkil edib. Vurğulandı ki, bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda bu, çox müsbət göstəricidir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir. Qeyri-neft sektorunun inkişafında müsbət tendensiyalar xüsusi olaraq qeyd edilməlidir. Ölkənin qeyri-neft sektoru ilin əvvəlindən 7 faiz artıb. Bildirilib ki, son illər ərzində xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə neftin hasilatı ildən-ilə azalırdı və bu da təbii olaraq bizim ümumi iqtisadi inkişaf templərinə mənfi təsir göstərirdi və bu tənəzzül qeyri-neft sektorunun inkişafı ilə tənzimlənib. Hazırda neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işlər aparılır. Yeni layihələrin tətbiqi ilə neft-qaz sahəsində templərin müsbət olacağı gözlənilir. Ölkə başçısı öz çıxışında inflyasiyanın ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olduğunu qeyd edib ki, bu da çox müsbət göstəricidir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov "Sherg.az"a bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan gələcəyə hesablanmış uğurlu iqtisadi siyasət Azərbaycanı daha güclü edir və beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edir. Deputatın sözlərinə görə, məhz bu gün iqtisadiyyatın dinamik inkişafı və əldə edilən nəticələr bunu deməyimizə imkan verir:
"26 sentyabrda keçirilmiş iqtisadi məsələlərə həsr olunmuş müşavirədə dövlət başçısının səsləndirdiyi rəqəmlər ölkənin iqtisadi inkişafının real vəziyyətinin güzgüsüdür. 8 ayda iqtisadi artımın 4,5 faiz, qeyri-neft sektorunda 7 faiz, xarici dövlət borcunun ÜDM-in 7,5 fiz, inflyasiyanın 1 faiz olması dünya ölkələri arasında qabaqcıl göstəricidir. Bu gün iqtisadi inkişaf dinamikasının qorunması üçün neft-qaz sektorunda fəaliyyət göstərən xarici şirkətlər qarşısında qoyulmuş tələblər hasilat dinamikasının qorunub saxlanılmasına və hərbi sənaye kompleksinin inkişaf etdirilməsi, iqtisadiyyatın diversifikasiyasının genişləndirilməsi ölkədə iqtisadi artım templərinin qorunub saxlanılmasına imkan verəcək. Dövlət başçısının rəhbərliyi altında açılışı olmuş sənaye və aqroparklarda, o cümlədən işğaldan azad olunmuş ərazilərdə Ağdam Sənaye Parkı, Araz Vadisi Sənaye Parkı və aqroparklarda yeni müəssisələrin açılması həm doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin məşğulluq məsələlərinin həll olunmasını, həm də işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialının ölkə iqtisadiyyatına reinteqrasiya olunmasını sürətləndirir. Müşavirədə dövlət başçısının qeyd etdiyi kimi iqtisadi inkişafla bağlı müəyyən olunmuş məsələlər qarşıdan gələn dövrdə müəyyən olunmuş vəzifələrin uğurla icra olunmasına və ölkəmizin daha da güclənməsinə yol açacaq. Hərbi gücünün artırılması, hərbi sənaye kompleksinin inkişaf etdirilməsi, sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi, iqtisadi və sosial siyasətin uğurla davam etdirilməsi, Qarabağ və Zəngəzurda yenidənqurma və bərpa işlərinin sürətlə davam etdirilməsi qarşıdakı dövrdə icra olunması üçün müəyyən olunmuş vəzifələrdir".
Parlament üzvü bəyan edib ki, sosial siyasətin uğurla davam etdirilməsi müəyyən olunmuş vəzifələr arasında həmişə öndə olub: "Dövlət başçısı həmişə qeyd edib ki, ölkə vətəndaşlarını layiqli yaşayışla təmin etmək və sosial sahədə islahatların davam etdirilməsi həmişə diqqət mərkəzində saxlanılır. 2018-ci ildən 4 milyon insanın sosial rifahının yaxşılaşmasına xidmət edən 4 sosial paketin uğurla icra olunması, son 5 ildə minimum əməkhaqqının 2,7 dəfə, minimum pensiyanın 2,5 dəfə artırılması ölkədə aparılan sosial siyasətin uğurla davam etdirildiyini göstərir. Dövlət başçısının gələn ildə də minimum pensiya və minimum əməkhaqqının artırılması ilə bağlı səsləndirdiyi fikirlər dövlət siyasətinin əsasında sosial siyasətin həmişə prioritet olduğunun göstəricisidir. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və bərpasına ilin sonuna qədər ayrılacaq vəsaitin 19 milyard manata çatdırılmasının nəzərdə tutulmasını, ermənilərin 30 il dağıdaraq məhv etdikləri ərazilərin yenidən dirçəldilməsini və Böyük Qayıdışa dair Dövlət Proqramının uğurla icra edilməsinin göstəricisi hesab edirəm. Müşavirədə müzakirə olunmuş məsələlər və dövlət başçısının müvafiq qurumlara verdiyi tapşırıqların uğurla icra olunması iqtisadiyyatı və ümumilikdə ölkəmizin daha da güclənməsini təmin edəcək".