Bundan sonrakı mərhələlərdə Azərbaycan daha böyük coğrafiyalarda özünün təsir imkanlarını formalaşdıracaq
Vətən müharibəsinin başlanmasından 4 il ötdü. Ölkəmizin hər yerində Anım Günü qeyd olundu, şəhidlərimiz dərin hörmət və ehtiramla anıldı. Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsi şəhidlərimizin qəhrəmanlıq əsəridir. Böyük igidlik nümunəsi göstərən zabit və əsgərlərimiz, qazilərimiz 30 ilə yaxın davam edən yurd, torpaq həsrətimizə son qoymaq üçün öz canlarını qurban verdilər. Elə onların bu fədakarlıqlarına görədir ki, İkinci Qarabağ müharibəsinə həm də Vətən müharibəsi deyirik. Dörd il əvvəl, sentyabrın 27-də 44 günlük savaş başladı. Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq ildırımsürətli əks-hücum əməliyyatına start verdi. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başlayan rəşadətli Azərbaycan Ordusu 30 il işğalda qalan əraziləri sürətlə düşmən tapdağından təmizləməyə başladı. Bu savaş hər bir əsgər və zabitimiz üçün müqəddəs savaş idi. Onlar 30 ilə yaxın davam edən işğala, erməni barbarlığına son qoymaq üçün döyüşürdülər.
Sentyabrın 27-də başlayan və noyabrın 10-na qədər davam edən 44 günlük "Dəmir yumruq" əməliyyatı nəticəsində Azərbaycan Silahlı Qüvvələri Qarabağ və Şərqi Zəngəzurda 5 şəhər, 4 qəsəbə və 286 kəndi düşmən tapdağından azad etdi. Ermənistan ordusu cəmi 44 gün ərzində darmadağın edildi və ermənilərin öz döyüş qabiliyyətləri, məğlubedilməzlikləri haqqında yaratdıqları miflər bir göz qırpımında dağıldı. Bütün dünya Ermənistan ordusunun 44 gün ərzində necə acınacaqlı, miskin bir duruma salındığını gördü. Azərbaycan dövləti ermənipərəst qüvvələrin, erməni lobbisinin və Ermənistanın havadarlarının böyük təzyiqlərinə baxmayaraq, öz prinsipial mövqeyindən bir addım da geri çəkilmədi. Məhz Şuşanın azad edilməsindən iki gün sonra, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə Üçtərəfli Bəyanat imzaladılar. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları isə heç bir döyüş əməliyyatı aparılmadan, itki vermədənAzərbaycana qaytarıldı. Bu, sözün həqiqi mənasında Qələbə idi. 2023-cü il 19-20 sentyabrda keçirilən lokal antiterror əməliyyatı nəticəsində suverenliyimizin bərpasına tam olaraq nail olundu. Qarabağda separatizmin kökü kəsildi, Ermənistan ordusunun qalıqları da ərazilərimizdən tamamilə çıxarıldı. Şanlı Azərbaycan Ordusunun gücünü göstərən, Azərbaycan xalqının və dövlətinin qələbəsi ilə başa çatan bu müharibə təcavüzkar Ermənistan ordusunun darmadağın edilməsi, ədalət və beynəlxalq hüququn bərpa olunması ilə nəticələndi. 44 günlük müharibə həmçinin xalq-ordu-iqtidar birliyinin parlaq təcəssümü kimi tarixə düşdü və bu gün Azərbaycan xalqı, Azərbaycan dövləti qalib xalq kimi, qalib dövlət kimi yaşayır.
Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu "Sherg.az"a deyib ki, 30 ilə yaxın müddətdə ərazilərimizin dinc yollarla işğaldan azad edilməsi üçün çalışdıq. Deputat vurğulayıb ki, hər zaman Ermənistana çağırışlar edirdik ki, bu münaqişə dinc yolla həll olunsun və ermənilər öz xoşları ilə ərazilərimizi tərk etsinlər:
"Azərbaycan Prezidenti vurğulayırdı ki, biz hərbi yolla torpaqlarımızı işğaldan azad etmək gücündəyik, lakin münaqişənin dinc vasitələrlə tənzimlənməsini istəyirik. Amma Ermənistan Azərbaycanın bu çağırışlarını düzgün qiymətləndirə bilmədi, yaxud da istəmədi. Azərbaycan həmçinin beynəlxalq ictimaiyyətə də çağırışlar edirdi ki, Ermənistana təzyiqlər edilsin və ermənilər torpaqlarımızı tərk etsinlər. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət də çağırışlarımıza ədalətli reaksiya vermədilər. Ermənistanın təxribatlarının qarşısını almaqla yanaşı, 2020-ci il sentyabrın 27-də biz həm də torpaqlarımızın işğaldan azad olunması əməliyyatlarına başladıq. 27 sentyabr tarixi hər şeydən öncə Azərbaycanın olduqca pozitiv obrazını ortaya qoydu. Azərbaycan həm İrəvana, həm də beynəlxalq dairələrə çağırışlar edirdi ki, Ermənistan öz xoşu ilə torpaqlarımızdan geri çəkilsin və onlara təzyiq göstərilsin. Lakin bunun nəticəsini görmürdük. 27 sentyabrda nümayiş etdirdik ki, torpaqlarımızı qısa zamanda işğaldan azad edəcək bir gücə sahib olduğumuz halda uzun müddət humanizm göstərirdik. Çünki qan tökülməsini istərmirdik. Bu, Azərbaycanın sülhsevər və güclü dövlət obrazının dünyaya tərənnümü günü idi. Azərbaycan Prezidenti həmçinin qeyd edirdi ki, biz mənasız danışıqları sonsuzadək davam etdirməyəcəyik. Ola bilsin, beynəlxalq ictimaiyyətdə elə rəy formalaşmışdı ki, Ermənistana sonsuzluğa qədər zaman qazandıra biləcəklər. Məqsəd o idi ki, müəyyən zaman ötəndən sonra Ermənistan Azərbaycan torpaqlarını anneksiya etmək imkanına sahib olsun. Azərbaycan bunun qarşısını aldı. Dünyaya göstərdik ki, proseslərin mümkün inkişaf ssenarisini çox dəqiq qiymətləndirməyi bacarırıq. İradə və güc nümayiş etdirərək 44 gün ərzində Ermənistanı tam məğlubiyyətə uğratdıq. Müharibənin ilk həftəsində Ermənistanın miflər uydurulmuş ordusunun 20-25 faizi Azərbaycan Ordusu tərəfindən darmadağın edildi. O baxımdan 27 sentyabr tarixi Azərbaycan xalqının qürur tarixidir. Bizi böyük Zəfərə aparan yolun başlanğıcıdır. Azərbaycan Ordusu, liderimiz və xalqımız öz gücünü bütün dünyaya nümayiş etdirdi. Hamıya göstərdik ki, Azərbaycanın mövqeyi ilə razılaşmaq lazımdır. Azərbaycan öz gücü ilə torpaqlarını işğaldan azad etmək iqtidarında idi və bunu da etdi".
E.Mirbəşiroğlu bəyan edib ki, 27 sentyabr həm də yeni tarixi mərhələnin başlanğıcı oldu: "27 sentyabrda başladığımız Vətən müharibəsini 44 gün ərzində uğurla başa vurduq. Düşmənin işğalçı ordusunu darmadağın etdik. Sonrakı mərhələdə biz yenə də Azərbaycan ərazisindəki separatçılara da çağırışlar etdik ki, silahı könüllü surətdə yerə qoysunlar. Ermənilər bunu etmədilər və nəticədə 2023-cü ilin sentyarbın 19-20 tarixlərində lokal xarakterli antiterror tədbirlərini həyata keçirdik. Bir sutkadan az sürən zaman ərzində Azərbaycan ərazisində separatizmin kökünü kəsdik. Bununla Azərbaycan müstəqillik tarixində bir mərhələni uğurla başa vurdu. Yeni, keyfiyyətli inkişaf mərhələsinə qədəm qoydu. Biz bunun üçün bütün imkanlarımızı formalaşdırdıq, potensial imkanlarımızı yaratdıq. Bura siyasi, hərbi, iqtisadi elementlər daxildir. Kompleks şəkildə öz tarixi inkişafımızın yeni mərhələsinə qədəm qoyduq. Bu gün qarşımızda daha böyük hədəflərimiz var. Suverenliyimizi dönməz və əbədi şəkildə təmin etmişik. Bundan sonrakı mərhələlərdə Azərbaycan daha böyük coğrafiyalarda özünün təsir imkanlarını formalaşdıracaq".