ABŞ-nin fəallığını ölkədə keçiriləcək prezident seçkiləri üçün piar kampaniyası kimi də qəbul etmək olar
“Görünən odur ki, demokratlar seçkiöncəsi səs-küylü hadisə ilə yadda qalmaq istəyirlər. Səs-küylü hadisə Azərbaycan və Ermənistan arasında bağlanacaq sülh sazişi ola bilər”
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu-Yorkda görüş keçiriblər. Tərəflər mümkün qısa müddət ərzində sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər. Blinken sülh sazişini mümkün qədər tez yekunlaşdırmaq üçün hər iki ölkəni davamlı nailiyyətlərə çağırıb. Qeyd edək ki, Nyu-Yorkda Ermənistan Baş naziri Nikol Paşinyanla baş tutmuş görüşündən danışan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrəvan hökumətinin Azərbaycanla sülh məsələsinə müsbət yanaşdığını deyib. Azərbaycanda da bu məsələyə münasibətin eyni olduğunu ifadə edən Ərdoğan tərəflərin ikitərəfli qaydada problemləri həll etmək iqtidarında olduqlarını vurğulayıb.
Politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının ABŞ-nin dövlət katibi Blinkenin təşəbbüsü ilə görüşünü Vaşinqtonun hər fürsətdən istifadə edərək sülh müqaviləsinin imzalanmasına nail olmaq cəhdi kimi dəyərləndirmək olar. Ekspertin sözlərinə görə, bu görüşdən konkret nəticənin çıxacağı təbii ki, gözlənilmirdi, amma görüşün keçirilməsi ümumən müsbət addım idi:
"ABŞ Azərbaycan və Ermənistan arasında sülhdə maraqlı olduğunu dəfələrlə vurğulayıb. Hesab etmək olar ki, bu, həqiqətən də belədir. XİN başçılarının görüşü dövlət rəhbərlərinin görüşü üçün ön hazırlıq ola bilər. Azərbaycan dövləti belə görüşlərdən heç vaxt çəkinməyib. ABŞ-nin COP29-a kimi hansısa çərçivə sazişinin imzalanmasına cəhdini ümumilikdə Amerikada keçiriləcək prezident seçkiləri üçün piar kampaniyası kimi də qəbul etmək olar. Görünən odur ki, demokratlar seçkiöncəsi səs-küylü hadisə ilə yadda qalmaq istəyirlər. Səs-küylü hadisə Azərbaycan və Ermənistan arasında bağlanacaq sülh sazişi ola bilər. Bu, həqiqətən də, dünyada səs-küy salacaq bir hadisə olardı".
Analitikə görə, maraqlı ölkələrin bu hadisəyə ev sahibliyi və təşkilatçılıq etmə cəhdləri də böyük ölçüdə bundan asılıdır: "Azərbaycan sülh sazişi üçün öz şərtlərini açıqlayıb. Anlaşma əldə olunmayan maddələr qaldığı halda bütün bəndlərin razılaşdırılmamış hesab edildiyini bildirib. Amma düşünürəm ki, təzminat və Zəngəzur dəhlizinin açılması müqabilində sülh sazişi xeyli yaxınlaşa bilər".