“Daha məhsuldar taktiki və strateji addımlarımız olacaq”
Xəbər verdiyimiz kimi, tanınmış iqtisadçı Natiq Cəfərli Respublikaçı Alternativ (REAL) Partiyasının yeni sədri seçilib. Partiya Siyasi Komitəsinin yekdil qərarına əsasən, N.Cəfərli partiya lideri olaraq fəaliyyətinə oktyabrın 1-dən başlayacaq. Qeyd edək ki, sentyabrın 1-də keçirilən parlament seçkilərinin nəticələri açıqlandıqdan sonra İlqar Məmmədov REAL sədrliyindən istefa verdiyini açıqlayıb və onun istefası qəbul edilib.
Partiyaya sədr seçilən Natiq Cəfərli deyib ki, REAL fərqli partiyadır, sədr olmaq həm asandır, həm də çətin. Onun fikrincə, asandır ona görə ki, REAL-ın Siyasi Komitəsində ölkədə intellektual səviyyəsi, iş və həyat təcrübəsi, savadı çox yüksək olan şəxslər toplanıb:
"Kollektiv ağıl, kollektiv qərarvermə mexanizmi mövcuddur. SK-nın sədri əsas qərarverici orqan olan Siyasi Komitənin stareji qərarlarını yerinə yetirməklə mükəlləfdir. Çətindir ona görə ki, seçkidə, siyasi proseslərdə vətəndaş iştirakçılığı zəifdir. Ona görə də seçki və vətəndaş aktivliyini öz əsas strategiyası elan edən partiya üçün, onun sədri üçün belə şəraitdə partiya idarə etmək çox çətindir. REAL-ın əsas vəzifələrindən biri vətəndaş cəmiyyətinin aktivləşməsinə xidmət etmək, ölkənin problemlərini təkcə sadalamaqla qalmamaq, çıxış yollarını əsaslandırılmış şəkildə cəmiyyətə təqdim etməkdir. Bu sahədə boşluqlarımızı təsbit edərək, daha məhsuldar taktiki və strateji addımlarımız olacaq. Siyasi Komitəyə göstərdiyi etimada görə təşəkkür edirəm. Problemlərimizi hüquqi və siyasi çərçivədə həll etməyimiz üçün daha əzmlə çalışacağıq. Bu yolda hər birinizin dəstəyinə, köməyinə ehtiyacımız olacaq".