AzTV helikopter qəzası ilə bağlı efir proqramında dəyişiklik edib


Azərbaycan Televiziyası Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə əlaqədar olaraq efir proqramında dəyişiklik edib.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, hadisə ilə bağlı məlumatın çıxdığı andan etibarən kanalın səlahiyyətli şəxsləri əyləncəli və musiqili verilişlərin dayandırılması, efir proqramının sözügedən faciəvi hadisəyə uyğunlaşdırılması ilə bağlı qərar qəbul edib.

“Azərbaycan Televiziyası ölkə əhəmiyyətli hadisələr, xalq və dövlət üçün həssas məqamlarda dərhal reaksiya verir, verilişlərin mövzularında dəyişiklik edir, ictimaiyyətin məlumatlandırılması üçün səfərbər olur. Bundan sonra da bu siyasətin davam etdirilməsinə çalışacağıq” – deyə məlumatda bildirilib.