Gəncləri aldadıb tora salmaq asandır

Onlara hətta pulsuz narkotik maddə verəcəklərini vəd edənlər var

"İmkanlı şəxslər isə əyləncə və zövq almaq üçün belə maddələrə qurşanır, sonra xilas ola bilmirlər"

“Çox təəssüf ki, Azərbaycanda narkomaniya çox geniş yayılıb və sürətlə də çoxalır”. Bu barədə “Şərq”ə açıqlamasında “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib. Ekspert bildirib ki, son vaxtlar Daxili İşlər Nazirliyi tərəfindən külli miqdarda narkotik vasitələr aşkar edilərək məhv edilib, xeyli narkotacir həbs olunub. Lakin DİN-in narkoticarətə qarşı apardığı böyük və əzmkar mübarizəyə baxmayaraq, mövcud problemi həll etmək mümkün olmur.

Burada çoxsaylı səbəblər var: “Uşaq, yeniyetmə və gənclərə naməlum səbəbdən tam azadlıq verilməsi və nəzarət edilməməsindən tutmuş işsizliyədək. Yeniyetmələri aldadıb tora salmaq çox asandır. Bunun üçün onlardan bir-ikisini şirnikləndirmək kifayətdir. Onlara pulsuz şəkildə həblər və s. formalarda narkotik maddələr verirlər və iddia edirlər ki, guya, bunu içəndə enerji gəlir, beyin yaxşı işləyir, imtahandan rahat keçirsən və s. Qurbanları asılı vəziyyətə salandan sonra dostlarını da cəlb etmələrini və bunun müqabilində pulsuz narkotik maddə verəcəklərini vəd edirlər. Beləliklə, yayılma kütləviləşir. Başqa çoxsaylı üsullar da var”. 

E.Bayramlı vurğulayıb ki, gənclər və ortayaşlıların çoxu isə işsizlik, sosial problemlər, stresdən dolayı narkotik maddələrdən istifadə edirlər: 

“Narkotika satanların çoxu başqa cür pul qazana bilmədiyindən bu “işə” girişir. Asan yolla tez və daha çox pul qazanmaq istəyirlər. İmkanlı şəxslər isə əyləncə və zövq almaq üçün belə maddələrə qurşanır, sonra xilas ola bilmirlər. Hesab edirəm ki, burada maarifləndirmənin heç bir təsiri, effekti ola bilməz. Sadəcə, problem yaradan səbəblər aradan qaldırılmalıdır. Sovet dövründə narkomaniya ona görə az yayılmışdı ki, hamı ya oxuyur, ya işləyir, ya da müxtəlif yaradıcı işlərlə məşğul olurdu, avaraçılığa vaxt qalmırdı. Gənclər üçün müxtəlif dərnəklər, texniki yaradıcılıq mərkəzləri, peşə kursları, pulsuz idman və musiqi kursları və s. var idi. İndi bunlar çox azdır və olanlar da əksəriyyət üçün əlçatan deyil. Gənclər üçün xüsusi dövlət proqramı təsdiq etməli və bu məsələlər həll olunmalıdır. Əks halda milli genefondumuz məhv olacaq”.