Putin 34 ölkənin BRİCS-ə qoşulmaq istədiyini bildirib

“Artıq 34 ölkə BRİCS-ə qoşulmaq arzusunu ifadə edib”.
APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda təşkilata üzv ölkələrin təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək səviyyəli nümayəndələri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, təşkilat üzvləri bir çox dövlətlər tərəfindən BRİCS-ə artan marağı gözardı edə bilməzdilər.

Rusiya lideri əlavə edib ki, BRİCS-in hazırkı sədri kimi Rusiya bu il birlik çərçivəsində birgə fəaliyyətin təşkilinə böyük məsuliyyətlə yanaşıb: “Bizim sədrliyimizə xüsusi bir missiya həvalə edilib. Bu, yeni iştirakçı ölkələrin bütün BRİCS mexanizmlərinə ən sürətli və təbii inteqrasiyasına hər cür kömək etməkdir”.

Putin qeyd edib ki, digər ölkələrin təşkilatda iştiraka marağının artması səbəbindən BRİCS-in bütün iştirakçıları ilə oktyabr ayında Kazanda keçiriləcək sammitdə təsdiqlənəcək tərəfdaş dövlətlərin yeni kateqoriyasının modallığı ilə bağlı fəal müzakirələr aparılıb. Bu status üçün mümkün namizədlərin dairəsi də nəzərdən keçiriləcək.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib. Belə ki, Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də deyilir ki, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edir.

Birgə Bəyannamədə bildirilib ki, Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır.

Bundan sonra Azərbaycan rəsmi olaraq BRICS-ə üzvlük üçün müraciət ünvanlayıb.

Türkiyənin də BRICS-ə üzvlük üçün müraciət etdiyi deyilir.

Xatırladaq ki, təşkilat onu təsis edən ölkələrin - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının ingilis dilində baş hərflərinə uyğun olaraq BRİCS adlandırılıb.

Hazırda isə təşkilatın 9 üzvü var: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, İran, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləri.