Ermənistan ordusundan götürülmüş qənimətlər ancaq təlimlərdə istifadə olunacaq

"Ordumuzun silah-sursatla təminatında müasir dövr üçün zəruri və lazımlı olan texnikalara üstünlük verilir"

Vətən müharibəsində Ermənistan ordusundan hərbi qənimət kimi götürülən texnikalar, silah-sursat artıq Azərbaycan Ordusunun istifadəsinə verilib. Bu barədə Müdafiə sənayesi naziri Mədət Quliyev deyib. Nazir bildirib ki, Vətən müharibəsi dövründə qənimət kimi çoxlu sayda texnika və silah-sursat götürülüb: “Ordumuzun çevik, sürətli hücumu nəticəsində erməni əsgərləri teknikaları işlək vəziyyətdə qoyaraq qaçıblar. Həmin teknikalar, silah-sursatlar Müdafiə Nazirliyi ilə birgə təmir edilib və Azərbaycan Ordusunun istifadəsinə verilib”. M.Quliyev vurğulayıb ki, bir çox ölkələrdə silah satışı və alışı ilə bağlı müqavilələrimiz var. 

Amma müqavilələrin çoxu məxfi olduğundan nazir bununla bağlı məlumat verə bilməyəcəyini söyləyib: “Müdafiə Sənayesi Nazirliyi ilə inkişaf etmiş dövlətlər arasında müqavilələr var. Prezident İlham Əliyev 2050-ci ilə qədər istifadə oluna biləcək silahların üstündə işləməklə bağlı tapşırıq verib. Silah arsenalımız ən yeni, müasir silahlarla təchiz olunur”.

Nazirin ordumuzun müasir silah-sursatla təchiz olunması barədə açıqlamasını “Şərq”ə şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Azərbaycan Silahlı Qüvvələrinin arsenalına daxil edilən hərbi texnikalarla bağlı bəzi məqamları qeyd edib. Ekspert bildirib ki, 44 günlük müharibədə düşmən tərəfdən əldə edilən qənimət silahlar, hərbi texnikalar sadəcə təlimlərdə istifadə olunacaq. Ü.Cəfərov Ermənistandan qənimət kimi götürülən silah-sursatın real döyüş əməliyyatlarında tətbiq edilməyəcəyini söyləyib: 

“44 günlük savaşda aydın şəkildə gördük ki, hansı silah özünü necə göstərir. O baxımdan hərbi texnikalar məsələsində bəzi korrektələr edilir. Ordumuzun silah-sursatla təminatında müasir dövr üçün zəruri və lazımlı olan texnikalara üstünlük verilir.

 Nazirin də dediyi kimi, cənab Prezidentin tapşırığına əsasən, Azərbaycan Silahlı Qüvvələrində müasir tələblərə cavab verməyən silah-sursat qalmayacaq.

 Yaxud da nisbətən az istifadə olunan silahların faiz dərəcəsi aşağı endiriləcək. Zaman, dövran dəyişir, bir çox sahələrdə olduğu kimi Silahlı Qüvvələrin hərbi təchizatını yenidən qurmaq, inkişaf etdirmək zərurətə çevrilir. Müdafiə Sənayesi Nazirliyinin üzərinə mühüm vəzifələr qoyulub.

 Nəzərə alaq ki, hərbi sahə ilə yanaşı, digər güc strukturlarında istifadə olunan silahların da mümkün çərçivədə yenilənməsi, müasir standartlara uyğun formaya salınması vacibdir. Mütəxəssislərimiz yeni texnologiyalar üzərində işləyir, təkmilləşdirmə ilə bağlı layihələr hazırlayırlar”.