Ermənistan bizi hərbi gücdən istifadəyə məcbur edir

Hərbçimizə hücum edən erməninin zərərsizləşdirilməsi təxribatların bitmədiyini göstərir

Qarabağdakı separatçılar, silahlı ermənilər nəzarət olunmayan qüvvələr halına gəlməkdədir

Azərbaycan Ordusunun Xocavənd rayonu ərazisində yerləşən mövqelərdən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz bir erməninin hücumuna məruz qalıb. Həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib. Hərbi qulluqçumuz havaya atəş açaraq ona hücum edən təxribatçını zərərsizləşdirib. Hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib. Faktla bağlı araşdırma aparılır. Xatırladaq ki, bu, Şuşadakı postumuza qumbara atan terrorçu Mirzoyandan sonra ikinci hadisədir. Bəzi ekspertlərə görə, müxtəlif səviyyələrdə baş tutan təmaslar öncəsi baş verən bu cür təxribatların əsas hədəfi danışıqları və razılaşmaları pozmaqla yanaşı, həm də Qarabağda birgəyaşayışın mümkün olmadığını göstərməkdir.

Politoloq Natiq Miri hesab edir ki, Qarabağdakı separatçılar, silahlı ermənilər nəzarət olunmayan qüvvələr halına gəlməkdədir. Ekspertin fikrincə, cinayət ünsürünə çevrilən silahlı ermənilər bir çox maraqlı dairələrin maşasına çevrilə bilər: 

“Separatçı rejimə Rusiya sülhməramlılarının, “Qarabağ klanı”nın, erməni ordusunun tərkibindəki rus kəşfiyyatına bağlı hərbçilərin və digər qrupların yön verməsi, onları himayə etməsi mümkündür. Bir çox hallarda erməni quldurlarının əliylə həyata keçirilən təxribatlar siyasi məqsədlərə qulluq edir. Nəzərə alaq ki, indiki təxribat sülh sazişi ilə bağlı müzakirələrin getdiyi, bəzi razılaşmaların əldə olunduğu, Zəngəzur dəhlizinin açılması yönündə addımların atılması ilə paralel baş verir. Əldə olunmuş müəyyən anlaşmalar sabotaj edilir. Problem odur ki, Ermənistan hökumətinin konkret planı, proqramı yoxdur. Hansı aparıcı dövlət İrəvana təsir edirsə, Paşinyan qısamüddətli də olsa həmin ölkənin təlimatını, sifarişini həyata keçirir. Soçi görüşündə əldə olunmuş müəyyən şifahi razılaşmaların pozulması da bununla bağlıdır”. 

N.Miri diqqətə çatdırıb ki, Qarabağda təxribatların miqyası genişlənməkdədir:

“Hadrut və Şuşa istiqamətində tərəflər arasında saatlarla davam edən atışmanın baş verməsi ilə bağlı xəbərlər yayılıb. Bunlar göstərir ki, erməni təxribatı hər zaman gündəmdədir. Rusiya sülhməramlıları isə ya bilərəkdən bu cür hadisələri görməzdən gəlir, ya da Moskvanın İrəvana, Qarabağdakı separatçılara təsir imkanları getdikcə zəifləyir. Artıq Kreml rəhbərinin bəyanatları belə Ermənistanda qulaqardına vurulur. Ona görə də hesab edirəm ki, Ermənistanla hansısa anlaşma kontekstində deyil, hərbi güc tətbiq etmək yolu ilə ermənilərin fəaliyyətini məhdudlaşdırmalıyıq. Elə şərait yaratmalıyıq ki, ermənilər təxribat üçün imkan və cəsarət tapmasınlar”.