"Rus dilini dövlət hesabına edib, türk dilində məktəbləri pullu etmək ayıbdır"  - Azər Həsrət

"Rus olmayanların öz uşaqlarını oxutması pullu olmalıdır. Çünki dövlətimiz heç kimi öz ana dilindən başqa dildə oxutmağa borclu deyil"

“Rus dilində məktəblərlə bağlı qarışıq fikirlər var. Mənim də bu məsələdə həssas olduğumu dostlar bilir. Bəzilərimiz deyirik ki, rus məktəbləri qapadılsın, bəziləri isə deyir ki, yaşasın”. 

“Sherg.az”ın xəbərinə görə, bu sözləri siyasi şərhçi, tanınmış jurnalist Azər Həsrət Feysbukda yazıb. 

Ekspert bildirib ki, daha münasib seçim etməklazımdır: 

“Rus millətindən olan əhalimiz var. Konstitusiyaya görə, onların da öz dillərində təhsil almaq hüququ var. Bu hüququ dövlət təmin etməlidir. Həmin kəsimin hüquqlarını təmin etmək baxımından rusların kompakt yaşadığı ərazilərdə dövlət hesabına rus məktəbləri qalmalıdır. Lakin həmin məktəblərdə rus olmayanların öz uşaqlarını oxutması pullu olmalıdır. Çünki dövlətimiz heç kimi öz ana dilindən başqa dildə oxutmağa borclu deyil və Konstitusiyamızın da belə bir tələbi yoxdur. Əlavə olaraq, istəyənlər rus dilində təhsil verən özəl məktəblər aça bilər. Necə ki, ingilis, fransız, hətta türk dillərində məktəblər var, eləcə də rus dilində məktəblər olsun. Yeri gəlmişkən, rus dilini dövlət hesabına edib türk dilində məktəbləri pullu etmək də bir başqa ayıbdır ki, buna da vaxtı çatınca yenidən qayıdarıq”.