Bakıya yağış yaraşmır! - Yollarda az qala “çay” axır... – Əncam çəkilmir!

“Düzgün olmayan kadr seçiminin, korrupsiya hallarının fəsadlarından çox əziyyət çəkirik”

“Artıq bu problemi həll etmək çox çətin olacaq”

Hər yağışdan sonra Bakıda gölməçələr, palçıqlı yollar, tıxaclar müşahidə olunur. Yağmur və çirkab sularının bir-birinə qarışması əhali üçün çətinliklər yaradır. Şəhərin mərkəzindəki “Axar çay”ların yaratdığı problemlər nəticəsində nə piyadalar, nə də avtomobillər yolu keçib gedə bilirlər. Nəticədə avtomobil yollarında sıxlıq müşahidə olunur. Bakıətrafı qəsəbələrdə isə yağışın fəsadları daha ciddidir. Bakının bəzi kəndlərində su basma halları baş verir, böyük gölməçələr yaranır. Sakinlər yağışlı havalarda evdən çıxmamağa çalışırlar.

Bakının dərdinə çevrilən gölməçələrlə bağlı “Sherg.az”a danışan “Sağlam Cəmiyyət Hərəkatı”nın ekperti, sosioloq Elçin Bayramlı bildirib ki, qurumlara peşəkar mütəxəssislər təyin olunmadığı üçün problemlər həll edilmir:

“Neçə illərdir, yollarda gölməçələrin yaranmasının qarşısını almaq üçün təkliflər verilir, lakin heç bir dəyişiklik görmürük. Əksinə, vəziyyət daha da pisləşir. Çünki tədbirlər şəhərin baş planına uyğun qurulmur. Bu da həmin sahə üzrə çalışan insanların qeyri-peşəkar olmağından qaynaqlanır. İşəgötürmə zamanı qohumluq prinsipi əsas götürüldüyü müddətcə gölməçələr qalmağa davam edəcək. Nəticədə həmin qurumlara ayrılan milyonlarla pul da batır. Düzgün olmayan kadr seçiminin, korrupsiya hallarının fəsadlarından çox əziyyət çəkirik. Artıq bu problemi həll etmək çox çətin olacaq”.

Xanlar ƏLİBƏY