Səfərbərlik işinin düzgün təşkili Vətən müharibəsi zəfərində xüsusi rol oynadı

“Bildiyimiz kimi bu günlərdə ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verib. Bunlardan general-mayor Zaur Qasım oğlu Abdullayev, general-mayor Mayıl Seminar oğlu Şahverdiyev və general-mayor Yusif Həsən oğlu Mirzəyevə “general-leytenant” ali hərbi rütbəsi verilib. Polkovnik Çingiz Böyükağa oğlu Kiçibəyov isə “general-mayor” ali hərbi rütbəsi ilə təltif edilib. Bu bizləri çox sevindirir. Bu insanlar Dövlət Xidmətinin tərkibində böyük işlər görüblər”.

Bu sözləri Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev Herbiand.az-a açıqlamasında bildirib.


Mehdi Mehdiyev vurğulayıb ki, həqiqətən də ordunun ehtiyat fondu bu xidmətin vasitəsilə nəzarətdə saxlanılır, təlimlərə cəlb olunur. Eyni zamanda çağırışçılar vaxtında toplanaraq aidiyyəti üzrə hərbi hissələrə göndərilir:

“Ona görə bu, çox düzgün və uğurlu təltifetmədir. Bu bizləri sevindirir. Bizim təşkilatımız Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətilə yaxından əməkdaşlıq edir. Ona görə də bu xidmətin fəaliyyəti ilə daha yaxından tanışıq. Xüsusən vurğulamaq istəyirəm ki, 44 günlük zəfər savaşı dövründə bu xidmət gecə və gündüz dayanmadan işləyib. Başda general-polkovnik cənab Arzu Rəhimov olmaqla bütün müavinləri, əməkdaşları, idarə və şöbələri gecə-gündüz fəaliyyət göstəriblər. Bütün xidmətləri orduya dəstək olmaq, operativ olaraq ordunu lazımı kadrlarla təchiz etmək olub. Eyni zamanda müharibə dövründə qismən səfərbərliyi yüksək səviyyədə həyata keçirməyə yönəlmiş işlər görülüb. Bu xidmət 44 günlük savaşın zəfərlə tamamlanmasında öz töhvəsini verib. Ona görə mən fürsətdən istifadə edərək növbəti ali rütbə almış hər bir hərbçini ürəkdən təbrik edirəm. Onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayıram. Təbii ki, cənab prezidentin bu ali hərbi rütbəyə layiq görməsi həmin şəxslərin üzərinə əlavə məsuliyyət qoyur. İnanıram ki, onlar bu sahənin inkişafı üçün daha da önəmli işlər həyata keçirəcəklər”.

Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Müdafiə Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti arasında əlaqələrin düzgün qurulmasını xüsusi qeyd edir:



“Müharibə vaxtı hamı ön cəbhəyə yollanmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edirdi. Müdafiə Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti arasında əlaqə elə qurulmuşdu ki, ilk növədə təcrübəlilər cəlb olunurdu. Bu iki qurum arasında işlər çox yüksək səviyyədə aparılırdı”.

Yaşar Aydəmirov, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir neçə əməkdaşına ali hərbi rütbə verilməsiylə bağlı Sərəncamına da münasibət bildirdi: “Zabit düzgün xidmət edir ki, Ali Baş Komandan növbəti ali hərbi rütbə ilə zabiti təltif edir. Xidmətində nöqsan yoxdursa, ayıq-sayıq xidmət edirsə, demək, bu zabit uğurlu zabitdir və təltif edilməyə layiqdir”.

Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyyatda olan general Yücel Karauz Vətən müharibəsində qazanılan qələbədə arxa cəbhənin rolunu xüsusi qey edir: “Müharibədə döyüşü qazandıran amillər var. Bunlardan biri ön cəbhədə vuruşan qəhrəmanlar, tanklar, toplar, qərargahda, cəbhə xəttində çalışanlar və bir də görünməyən qəhrəmanlar vardır.

Azərbaycan Vətən müharibəsində əldə etmiş olduğu zəfəri ön cəbhədəki qəhrəmanlarıyla bərabər qazanıb. Amma ön cəbhənin arxasında qəhrəmanlıq göstərən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti kimi qurumlar Vətən müharibəsində əldə edilən zəfərdə çox böyük pay sahibidirlər”.

Türkiyəli general Azərbaycanda səfərbərliyin təşkilində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rolunu xüsusi vurğulayır.



“Çox qısa zamanda 12 iyuldan 27 sentyabr tarixinə qədər həm şəxsi, həm material mənbəyini bir araya yığmaq, bunu müntəzəm şəkildə cəbhədəki birliklərə göndərmək, cəbhədə meydana gələn şəxsi heyət çatışmazlıqlarını ən qısa zamanda yenidən hazırlayaraq göndərilməsi çox uğurlu bir şəkildə həyata keçirilib. Bu işin təşkilatçısı olan Səfərbərlik Xidməti əldə edilən böyük zəfərdə böyük pay sahibidir.

Azərbaycan xalqı və ordusu bunu çox yaxşı bilməli və bununla qürur duymalıdırlar ki, həqiqi bir Ali Baş Komandan tərəfindən idarə edilirlər. Buna görə də Ali Baş Komandan bu uğurlu fəaliyyətləri çox yüksək qiymətləndirir. Bunun  qarşılığını verərək insanları şərəfləndirir” – deyə Yücel Karauz bildirib.