Həmsədrlərin işi çoxdan bitib

Əgər yeni missiya ilə dönmək istəyirlərsə sülhə dəstək verməlidirlər

   Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində yenidən ATƏT-in Minsk qrupundan danışıb. Dövlət başçısı növbəti dəfə bəyan edib ki, vasitəçilər “Dağlıq Qarabağ münaqişəsi” ilə məşğul ola bilməzlər, çünki bu münaqişə artıq həll olunub: “Onların görünməməsinin səbəbi də hesab edirəm ki, bundan qaynaqlanır. Çünki onlar üçün nə qədər çətin olsa da, bu yeni reallığı qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar. Çünki buna biz imkan verməyəcəyik”. Ölkə rəhbəri qeyd edib ki, əgər münaqişə həll olunubsa, deməli, burada vasitəçiliyə yer qalmır: “Nə ilə məşğul olacaqlar, yəqin ki, özləri fikirləşməlidirlər. Bildiyimə görə, indi həmsədrlər arasında da əvvəlki dövrlərdəki kimi birlik yoxdur. 

Minsk qrupu 1992-ci ildə yaradılıb və bu il 30 illiyidir. Yəqin ki, bu tədbirlərin hazırlanması onları məşğul edir. Amma əgər bu zarafatları kənara qoysaq, hesab edirəm ki, onlar özləri üçün bir gündəlik formalaşdırmalıdırlar. Prinsipcə, 30 il böyük iş stajıdır, pensiya ərəfəsindədirlər. Ona görə onlara uzun ömür, cansağlığı arzulayıram”.

 Dövlət başçısı diqqətə çatdırıb ki, prosesi tamamilə inhisarlaşdırmaq, təkcə başqa aktorları deyil, Minsk qrupunun öz üzvlərini də kənarlaşdırmaq cəhdi onların, sadəcə, statistlər rolunda qalmasına səbəb olur: “Çoxları hətta bu qrupun kimlərdən ibarət olmasını bilmir. Ardıcıllıq belə olmalıdır. Birincisi, bu qrupun nə dərəcədə həyat qabiliyyətli olması aydınlaşdırılmalıdır. İkincisi, onlar nə ilə məşğul olmağı planlaşdırdıqlarını əks etdirən gündəlik təqdim etməlidir. Daha sonra Azərbaycan və erməni tərəfi buna öz münasibətini bildirməlidir”. 

Prezidentin Minsk qrupu ilə bağlı iradlarını “Şərq”ə dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, ölkə rəhbəri budəfəki çıxışı ilə həmsədr söz-söhbətinə birdəfəlik nöqtə qoydu. Ekspertin qənaətincə, vasitəçilik missiyasını uğursuzluqla sonlandırmış bir instituta ciddi məsələləri həvalə etmək olmaz:

 “Dövlət başçısının da dediyi kimi Minsk qrupunun həmsədrləri bundan sonra görə biləcəkləri işlərlə bağlı konkret gündəlik təqdim etməlidirlər. Əgər Azərbaycan-Ermənistan arasında yekun sülh prosesində, humanitar məsələlərdə, tərəflər arasında etimad mühitinin formalaşmasında iştirak etmək istəyirlərsə, bunu açıq şəkildə bəyan etməlidirlər. 

Ancaq Minsk qrupu hələ də israrla başa çatmış missiyasını davam etdirməyə çalışır. Verdikləri bəyanatlarda siyasi məqamlara təmas edir, həll olunmuş münaqişənin tənzimlənməsindən danışırlar. Görünən odur ki, indiki şəraitdə həmsədrlər təmsil etdikləri dövlətlərin maraqlarına uyğun davranış sərgiləyirlər. 

Təbii ki, belə münasibət rəsmi Bakını qətiyyən qane etmir. O səbəbdən həmsədrlərə münasibət bir qədər də sərtləşir”.