“Görünür, beynəlxalq təşkilatı Azərbaycanı tənqid edən hesabatlarla təmin edəcəm”
“Qoy, Azərbaycan dünya ölkələri arasında harda olduğunu hiss etsin"
Sosial şəbəkələrdə "İsmayıllı" şoru adlı məhsulun fotosu paylaşılıb. Fotodan göründüyü kimi məhsulun son istehlak tarixi 30 fevral 2022-ci il göstərilir.
Fevral ayının 4 ildən bir 28-29 gündən ibarət olduğu hər kəsə məlumdur. Belə xoşagəlməz hallar insanlar arasında narazılıq yaradır.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov sözügedən fotoya münasibət bildirib.
E.Hüseynov diqqətə çatdırıb ki, bu xırda məsələdir:
"Hər il istifadə müddətində 30 fevral yazılması barədə Azad İstehlakçılar Birliyinə şikayətlər daxil olur. Əsas problemlərdən biri "İsmayıllı" şoru, pendiri, qaymağı "İvanovka" süd məhsulları və s. ilə istehlakçıların aldadılmasıdır. Qüsurlar barəsində Qida Təhlükəsizliyi Agentliyinə, İqtisadiyyat Nazirliyinə məlumat vermişəm. Saxta malların satılma yerlərini söyləmişəm. Lakin heç bir dövlət orqanı əhəmiyyət verməyib.
Ölkədə istehlakçı hüquqlarının qorunmasının bərbad vəziyyətdədir. Beynəlxalq İstehlakçı Təşkilatının Azərbaycanda nümayəndəsiyəm. 24 il ərzində ölkəmizdə istehlakçı hüquqlarının pozulması haqqında beynəlxalq təşkilata normal hesabat verməmişəm. Azərbaycanı digər ölkələr arasında pisləmək istəməmişəm. Beynəlxalq təşkilatlar Azərbaycanı yaxşı bir mal istehsal edən ölkə kimi tanıyırlar. Keyfiyyət məsələsi isə sual altındadır".
E.Hüseynovun fikrincə, illər keçdikcə qanunlarda aparılan dəyişikliklər ancaq istehlakçıya zərər vurur:
"18 may 2021-ci ildə məcburi setifikatlaşdırılan mallar haqqında Nazirlər Kabinetinin 343 saylı qərarı ləğv olunub. Həmin qərarda təhlükəsizliyi təmin olunan malların böyük siyahısı var idi. Elektrik malları, armaturlar, betonlar, qida məhsulları, uşaq oyuncaları daxil idi. Sahibkara deyiblər ki, kim kimi aldatmaq istəyir, aldatsın, əcəb edir. Ona görə klinikalar xəstələrlə dolur. Çox uzun zəncirdir. Etiketləmə ilə heç kim məşğul deyil. Nə Qida Təhlükəsizliyi Agentliyi, nə Antiinhisar və İstehlak Bazarına Nəzarət xidməti, nə də Standartlaşdırma İnstitu. Çox təəssüf ki, məsələlər ortada qalıb. Qida sənayesində istehlakçıların həyatı təhlükədədir. Görünür, beynəlxalq təşkilatı Azərbaycanı tənqid edən hesabatlarla təmin edəcəm. Qoy, Azərbaycan dünya ölkələri arasında harda olduğunu hiss etsin".