Gənclər bütün cəmiyyətlərin lokomotivi rolunu oynayır

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik
hisslərinin tərbiyəsi; 

TDT ölkələri arasında əməkdaşlıq sahəsində gənclərin təşviq edilməsinə xüsusi önəm vermək lazımdır


  Bu gün Azərbaycan gəncliyi qarşısında duran əsas vəzifə ölkəmizin bərpa olunmuş ərazi bütövlüyünə xələl gətirəcək, dövlətçiliyimizə təhlükə ola biləcək hər hansı bir əməlin qarşısını almaq, ölkəmizin suverenliyini qorumaq, üçrəngli bayrağımızı daim yüksəklərə qaldırmaq, Vətənimizə xor baxanların bəd niyyətlərini puça çıxarmaqdır. Bu yolda gəncliyin yol göstərəni, əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir. Gənclərimiz cənab Prezident tərəfindən uğurla icra edilən və əsas prioritetləri sırasında gənclərin milli və vətənpərvər ruhda yetişdirilməsi də olan dövlət siyasəti ilə müəyyənləşən yolla addımladıqca, dövlətçiliyimiz daha da möhkəmlənəcək, Vətənimiz azad və firavan olacaq. Təsadüfi deyil ki, cənab Prezident 2024-cü ildə qarşıda duran vəzifələrdən danışarkən gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsini vurğulayaraq əsas istiqamətləri açıqladı. Prezident sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında bir çox vacib və önəmli məsələlərlə yanaşı, gənc nəslin milli ruhda böyüməsinə geniş toxundu. Ölkə başçısı bildirdi ki, gənclər ilk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar. Heç kimin təsiri altına düşməməlidirlər, müxtəlif vədlərə aldanmamalıdırlar: “Xoşbəxtlikdən Azərbaycanda ailə dəyərləri üstün tutulur və həmişə belə olmalıdır. Ənənələrimiz bunu diktə edir və eyni zamanda bəzi Qərb ölkələrində ailə dəyərlərinin tamamilə eybəcər formasına düşməsi hər birimizdə haqlı olaraq ikrah hissi doğurur. Ona görə ailə dəyərləri, ailə tərbiyəsi birinci növbədə qorunmalıdır”. 
  Məlumdur ki, gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir. Bu məlum həqiqəti Azərbaycanda hamıdan yaxşı anlayan və bunun həyata keçirilməsi üçün lazımi tədbirləri görən şəxslərdən biri Heydər Əliyev idi. Ümummilli Lider ölkədə gedən demokratik islahatlara və insan hüquqlarının qorunmasına həmişə diqqət yetirirdi. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndərimiz bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi. Müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi. Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolu danılmazdır. Azərbaycanın tarixinə nəzər salsaq, onun hər mərhələsində gənclərimizin özünəməxsus rol oynadığının şahidi olarıq. Ümummilli Lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmışdı. Minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdi. Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksəkixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdı. Dövlət gənclər siyasəti Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olmuşdu. Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclər də onu böyük bir lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər. Düzdür, 1988-ci ildən 1993-cü ilə qədər ölkə gəncliyi ictimai-siyasi proseslərdən kənarda qalmışdı, onun potensialı lazımınca qiymətləndirilmirdi. Lakin Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsindən sonra bu vəziyyət kökündən dəyişdi. Belə bir məqamda hakimiyyətə qayıdan Ümummilli Liderimiz Heydər Əliyev ilk görüşünü məhz gənclərlə keçirdi. 22 sentyabr 1993-cü ildə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşündəki çıxışında onlara dərin inam bəslədiyini ifadə etdi. Onun “Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir” - sözləri hər kəsin həyat devizinə çevrildi. Ulu Öndərin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi. Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşır, onların problemlərini həll etməyə çalışırdı. İstedadlı gənclərə diqqət və qayğını artırmaq üçün H.Əliyevin “Azərbaycan Respublikasının istedadlı gənc yazıçılarına dövlət qayğısının artırılması haqqında” 6 dekabr 1999-cu il tarixli və "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”  22 iyun 1996-cı il tarixli fərmanları bu qayğının təcəssümüdür. 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanun Heydər Əliyevin gənclərə verdiyi yüksək dəyəri əks etdirməkdədir. Sevindiricidir ki, bir çox qurumlar, təşkilatlar dövlət siyasətinin bu istiqamətinə önəm verirlər. 
  Ötən gün Mədəniyyət Nazirliyinin dəstəyi ilə seçilmiş, mədəniyyətin müxtəlif sahələrində uğurları ilə fərqlənən 10 azərbaycanlı gənc TÜRKSOY-un Qazaxıstanın Almatı şəhərində keçirdiyi “I TÜRKSOY Türk Dünyası Gənclik Görüşü”ndə iştirak ediblər. Nazirlikdən bildirilib ki, tədbir türk xalqları arasında mədəni və tarixi bağların möhkəmləndirilməsi, qardaşlıq və birlik ruhunun gücləndirilməsi məqsədi daşıyır. Görüş çərçivəsində iştirakçılar Türk dünyasının mədəni irsinin təbliği ilə bağlı seminar, müzakirə və təqdimatlarda iştirak edərək düşüncələrini bölüşüblər. Gənclərimiz ortaq problemlərin həlli və birgə layihələrin reallaşdırılması istiqamətində təkliflər irəli sürüb, gənclər arasında əlaqələrin daha da irəliləməsi üçün əməkdaşlıq imkanlarını araşdırıblar. Azərbaycan nümayəndə heyəti görüş zamanı, həmçinin ölkəmizin zəngin mədəni irsini də tanıdaraq Türk dünyasının bir parçası kimi mədəni inteqrasiya və dialoqun inkişafına töhfə veriblər. Tədbir Azərbaycan gənclərinin Türk dünyası ilə əlaqələrinin möhkəmlənməsi, təcrübə mübadiləsi və yeni dostluqların qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir. 

  "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı "Sherg.az"a bildirib ki, son illərdə bu sahəyə daha çox diqqət verilir. Ekspertin sözlərinə görə, xüsusən Türk Dövlətləri Təşkilatı Çərçivəsində gənclərin fəaliyyəti önə çəkilir, türk dövlətlərinin bir-biri ilə bir çox sahədə sıx əməkdaşlığının əhəmiyyəti vurğulanır: 

"Türk dövlətləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində gənclər siyasəti və gənclərin bu prosesə cəlb olunması da xüsusi yer tutur. Almatı şəhərində keçirilən “I TÜRKSOY Türk Dünyası Gənclik Görüşü” də son dərəcə əhəmiyyətlidir. Gənclər bütün cəmiyyətlərin lokomotivi rolunu oynayır. İkili və çoxtərəfli əməkdaşlıqlarda, tarix və mədəniyyətin təbliğində, QHT fəaliyyətində gənclərin rolu müstəsnadır. O baxımdan hesab edirəm ki, TDT ölkələri arasında əməkdaşlıq sahəsində gənclərin təşviq edilməsinə xüsusi önəm vermək lazımdır. Bu, gənc nəslin vətənpərvərlik və türklük milli şüurunda yetişməsi baxımından da mühümdür".