Yer adları, dil, düşüncə tərzi, toplum keçmişi: Bakıdan düz Vana kimi torpaqları hansı toplum bürüyübmiş? 

   Cəsarət Əliyev                                                                                   

Van, Yerevan, Şirvan, Sevan, Naxçıvan kimi toponimlərdə oxşarlıq, görən, nəylə bağlıdır? Bəs Bakı? Bu ad, nə addı? Hansı toplumdan gəlir, hansı dildədir? Necə, bizim toplumun indi yerləşdiyi torpaqlarda adlar ayrı – ayrı diyarlardan gəlmiş birilərinin dillərindəmi? Son dövr yaranmış yer adlarıyla – topnimlərlə, keçmiş adlar arasında heç bir bağlılıq yoxdur? 

Toplumların gəlişməsində toplum köçü, yerdəyişməsi çox gərəkli yer tutur. Toplum köçü Günbatandan – Gündoğana və əksinə, Güneydən Quzeyə və əksinə baş verib. Belə toplum axınları ekvatora və ya meridianlara ideal paralel olaraq baş verməyib, köç yolları canlılar üçün əlverişli coğrafi keçidlər boyu uzanıb gedib. Yer üzündə insan köçləri də bir çox canlı köçləri kimi dövrü olub, ya yox (yəni yerişin yönü dövrü dəyişibmi)? – kimi sorğu hələ açıqdır. Dövrülüyün olmasını başqa canlı toplumlarının dövrü köçünün varlığından oxşarlıq prinsipinin köməyilə çıxarmaq olar. Hər köç ötəsi ayrı-ayrı bölgələrdə oturuşmanın baş verməsini isə  riyazi-fizikanın köməyi ilə hidrodinamika tənliklərindən almaq olar (buna “Ağsuda batmış şəhər”də də, toxunulub,   https://sherq.az/tarix/177620 ). Hər oturuşma sürəsi yer adları yaranıb. Hər yeni köç, ya oturuşmuş toplumun yaratdığı toponimləri işlədib, ya da öz dilində yenilərini yaradıb. Doğrusu isə belədi: qismən köhnəni işlədib, qismən də yenisini yaradıb. Bu, yalnız güclü köçlərə aiddir. Xırda, gücsüz köçlər, görünür, əsasən  köhnəni işlədib, yaratdığı yeni toponimlər isə, daşıyıcısı az olması nədənindən, unudulub, ötə ilə əriyib gedib.   

Yer üzündə bütün toplumlar kimi, bizim toplum da buralara olsun, köçlə gəlib. Amma haradan buraya, hansı ötədə? Bu, yenə də olsun, günbatandan gündoğana ilkin şumer, asur (azər) köçləriylə baş verib (antropoloji və dil birliyi var). O, gərəyincə böyük olması (çağdaş dövrdə təkcə güney üstəgəl quzey Azərbaycanda qırx - əlli milyondan çox etnik toplum kəsimiz yaşayır) və kəsin özünüqoruma nədənindən özgə toplumlar içərisində dil, qanlan ənənəsi (qanlan – mədəniyyət) baxımından əriməyib. Bizim toplumun antropoloji identikliyini göstərən irq avropeoid-Caucasoiddir, daha problemin içinə varmadan bu haqda söz deməyi özünə borc bilənlərin dediyi kimi,  Gündoğandan Günbatana yaxın ötədə (orta yüzilliklər) baş verən monqol köçündən  yaranan oturuşmuş monqoloidlərin törəməsi deyil. İrqi də, deformasiyaya uğramış monqoloid irqi deyil.  

Əgər haradan-haraya sorğusunun yanıtı (osmanlı türkü “cavab” yerinə “yanıt” işlədir, amma biz də deyirik axı. Bəyəm, “gördün nə yandırdım onu”, demirik? Yəni “söz deyib cavab verdim ona” anlamında işlədilir. Sözün kökü “yan”dır. Bu “yan”sa o “yan” deyil, başqa sözlə, “yanaşı getmək”, “yanında olmaq”dan gəlmir. Sadəcə işlədilməməsi nədənindən dildən düşüb) belədirsə, onda köç ötəsi haqda nə demək olar? Toplum identifikasiyasını göstərən invariantlardan biri də dildir. Yazılı keçmişimiz ... . Hmm. Ona görə dilin yer-yurd adlarına çökərək saxlanması köməyimizə çatar. 

Dil, toplum keçmişi haqda çox nəsnələrin daşıyıcısıdır. İnsan kimi bir kiborq, sözü görmə, eşitmə, duyğu (iy, dad), sonrakı dövrdə isə “düşüncə ilə görmə”nin köməyilə yaradıb (bax, “Qarışıqdir hələlik millətin istedadı”,
 https://azpolitika.info/author/125).  Toponimlərlə günümüzə daşınan informasiyanı ayırd etməklə oradan keçmiş haqda bəzi nəsnələri əldə etmək olar.  Toplum gəlişməsinin ilkin dövrlərində sözün yalnız görmə, eşitmə, duyğu ilə alınan informasiya əsasında yarandığını bilərək,  yer adlarından,  onların nə qədər uzaq keçmişdə yaranmasını da axtarıb-çıxarmaq olar. 
Van gölü də, Van şəhəri də çökəkdə yerləşir. Osmanlı türkcəsində “vana” boş olan, çökək anlamını verir. Hətta rus dilində saxlanmış (olsun türkcədən keçib) “vanna” sözü də tutumu olan boş qab anlamı verir. Buradan da, “van”ın “çökək” anlamı verməsinə başa düşmək olar. Bunu anladıqdan sonra, asanlıqla Yerevanın Yerivan (yeri çökək, doğrudan da belədir, daha ... sözü olan İrəvan yox), Sevanın Suvan (su çökəkliyi, bu, sözsüz belədir) olması nəticəsinə gəlirik. Tanrı erməninin ataba-atasına ... “rəhmət” eləsin. Nə yaxşı, saxlayıb. Yoxsa, bu yerlərdə, az qala, bütün toponimləri farslaşdıranlar toplumun da, dilin də axırına çıxardı. Fars köçu sonrakı çox gec dövrə aiddir və öz izlərini bu torpaqlarda qoyub. 

Bəs Naxçıvan, bəs Bakı? Keçmiş qaynaqlarda bu adlar haqqında nəsə varmı? Ptolomey (bizim eradan öncə) öz “Coğrafiya” kitabında Naxçıvan adını yunan dilinə uyğunlaşdırmaqla “Naksu(v)ana” kimi yazıb. Burada dəyərli olan adın ilkin formasında “Nağ” və “su”-nun olmasıdır. Tutuşduranda Naxçıvanın “Nağ-su-van” olması aydın olur. Naxçıvanın Arazın yaratdığı su çökəkliyində yerləşməsi kimdə sorğu doğurur? “Nağ su”nunsa bulanıq “ağ su” olmasını güman etmək olar. Deməli əsl ad “Nağsuvan”dır. 

Sara Aşurbəylinin yazdığına görə, Bakı adı haqda ilkin xəbərlə V – VI-cı yüzilliklərdə yazılmış qaynaqlarda üzləşirik.  Bakı bu qaynaqlarda Baqovan və ya Baqvan adlandırılıb. Baxmayaraq “Baq” sözü “bağ” şəklində günümüzə qədər gəlib çıxıb, o, ya tanrı ilə,  ya da Bakı ətrafında yaşadığı güman edilən tayfaların adı ilə eyniləşdirilib. Hələ “Badü-kubə” kimi yozulmaqla farslaşdırmanı demirik. Bakı – Bağvanın “Baq”ından törəyib. Bağ dilimizdə yer anlamında işlədilib, bugündə işlədilir. Bağvan – çökək yer. Yoxsa dəniz səviyyəsindən (indi) 28 m aşağı olan Xəzərin yan-yörəsinin çökək olması kimdəsə sorğu oyadır?! Qarabağ → “Karə bağ” quru, suvarılmayan yer anlamı verir. Osmanlı türkünün dilinində “karə”nin quru anlamı verməsi bu günümüzə daşınıb: məsələn, karə qoşunları – quru qoşunları. Bu haqda artıq söhbət açılıb (bax, “Dilimizdə söz yaranması: Tar, qardaş, tonqal, Qarabağ”, Şərq qəzeti, 2019, 12 dekabr, https://sherq.az/aktual/113664 ).

Axı, deyilənlərin doğruluğunu bildirən başqa nələrsə də dilimizdə saxlanılmalı idı. Qalıbmı? “Van”ın əksi olan sözümüz “ban”dır. Yüksəklik, ucalıq, baş olmaq anlamına gəlir. Evin banı, xoruz banladı (yəni uca bir yerə çıxaraq səs çıxardı) – kimi deyimləri bu gün də işlədirik. Taban – daban isə dib, ən aşağı anlamını verir (biz “dənizin dibi”, osmanlı türkü isə“dənizin tabanı” deyir). “Ta”nın tam əkslik bildirən söz önlüyü olmasına gəlib çıxırıq. Dilimizdə “ta”yla bağlı əkslik bildirən heç bir başqa söz qalmayıb? Niyə, qalıb. Tavan – çökəkliyin əksini, evin damaltısını, yüksəkliyi bildirir. Bugün də belə adlandırırıq. “Taban, tavan, bağvan” sözlərinə “bağban” sözünü də qoşsaq bir tamlıq alarıq. 

Beləliklə, Vandan tutmuş Bağvana (Bakıya) kimi torpaqlarda toponim – dil birliyi ilə üzləşirik. Sonrakı dövrlərdə yaranmış Göycə gölu, Göyçay,Ağsu, Qarasu, Ağdaş, Ağdam və bir çox başqa yer-yurd adları da eyni düşüncə tərzi ilə yoğrularaq yapılıb. Öz dilində yer-yurd adlarını bu torpaqlara yazan toplum, bu torpaqlarda, görünür, lap çoxdan yerbəyer olubmuş. Böyük və güclü olması, bu torpaqlarda uzun sürə yaşaması nədənindən yer-yurd adları da, dilimizdə uyğun sözlər də bu günə kimi yaşayır. 

Mentalitetdə “dillə bağlı düşüncə tərzi” az dəyişikliyə uğramaqla saxlanan toplum invariantıdır (mentalitetin nəmənəliyinə “Mentalitemiz” yazısında bax, “Müxalifət” qəzeti, 1996, 21, 25 vә 28 dekabr saylarında). İrq, düşüncə tərzi, dil kimi invariantlarıyla bu böyük torpaqlarda oturuşan ikinci bir toplum yoxdur. Bu invariantları  dəyişərək son dövrlərdə baş verən hər hansı bir toplum köçünə yapışdırmağa kimsənin gücü çatmaz. 

 Doğru köç ötəsini bilməkçünsə Günbatandan Gündoğana şumer-asur köçlərinin hansı dövrlərdə baş verdiyini dəqiq öyrənmək gərəkdir.