5 manat dilənçi payı ilə filmlər çəkmək olmaz

Şeyx Əbdül: "Müharibə filmində tüfəngi, topu, tankı təşkil etmək üçün maddiyyat lazımdır"

"Bu məsələni yoluna qoymaq üçün kino ilə müstəqil təşkilat məşğul olmalıdır"

"Dövlətin kino sahəsinə ayırdığı vəsait məhduddur".                                              
Bunu Mədəniyyət naziri Anar Kərimov “Yaradıcı sənayedə çağırışlar və biznes imkanları” mövzusunda ictimai müzakirədə deyib. O bildirib ki, gözləntilər təkcə dövlətdən olmamalıdır:

"Hazırda bizim üçün prioritet məsələ Vətən müharibəsi və onun filmlər vasitəsilə əbədiləşdirilməsidir. Çox istərdim ki, özəl-dövlət tərəfdaşlığına üz tutaq. Əminəm ki, özəl sektor öz dəstəyini verəcək. Təbii ki, dövlət olaraq biz də kino üçün əlimizdən gələni edəcəyik" - nazir deyib.

Azərbaycanın bu gün də maraqla izlənilən və sevilən keçmiş filmləri var. Ancaq müasir filmlər özünə bir o qədər izləyici cəlb edə bilmir. 

Kino sektorunun bərpasının və inkişafının önündə dayanan yeganə əngəl maliyyədirmi?

Bu barədə “Şərq”ə danışan Xalq artisti, tanınmış kinorejissor-aktyor Şeyx Əbdül Mahmudbəyov hər şeydən əvvəl kino müstəqil quruma həvalə olunmalıdır deyə düşünür:

“Pulsuz kino çəkilmir, bunun üçün investisiya lazımdır. Özü də 3-5 manat yox, böyük pullara ehtiyac var. Dünyada bu gün 100 milyona çəkilən filmlər var. Bu, bütövlükdə xalqın və ya dövlətin günahı deyil. Kino Azərbaycan xalqının mədəniyyəti, ideologiyası, taixidir. Dövlət neçə ildir kino sənayesi bərpa olunsun deyə maddi dəstək verir. Amma bu dəstək çox azdır. Eyni zamanda həmin pullar geri qayıtmır. Yəni o pullarla çəkilən filmlər gəlir gətirmir. Sadəcə olaraq dotasiya kimi hökumətin boynunda qalıb. Hər il kino sektoru məhv olmasın deyə 5-6 milyon pul ayırırlar. 

Amma bu məsələni yoluna qoymaq üçün kino ilə müstəqil təşkilat məşğul olmalıdır. O, mədəniyyətlə eyni qurumun tərkibində ola bilməz. Bu, tarixən belə olub və bütün uğurlar da buradan əldə olunub. Kino industriyadır, istehsalat sahəsidir.
Mədəniyyət Nazirliyinin çoxlu borcları var. Pul ora göndərilən kimi paylanır. Oradan kinoya 5 manat çatar, ya çatmaz. O vəsaitlə bizim istedadlı gənclərimiz əziyyət çəkib, fədakarlıq göstərib nəsə bir film çəkirlər”. 

Şeyx Əbdülün sözlərinə görə, müharibə mövzularında kinolar çəkmək üçün çox böyük sərmayə lazımdır. 

“Bu, texniki baxımdan böyük xərc tələb edən sahədir. Burada topu, tüfəngi, tankı təşkil etmək üçün maddiyata ehtiyac var. Azərbaycanda müharibə mövzusunda çox gözəl senarilər yazılır. Az-çox həmin az pul hesabına belə filmlər çəkilir. Ancaq ucuz ətin şorbası olmur.

Bu sahəyə böyük pullar yatırılmalı və dövlət tərəfindən nəzarət olunmalıdır. Biz kino sektorunu bərpa etmək istəyiriksə, ilk növbədə müstəqil komitə yaradılmalıdır. 

Bu, birmənalıdır. Çəkiləcək filmlər və ona ayrılacaq sərmayə müəyyən olunmalıdır. Hazırlanan filmlərin alqı-satqısı kino komitəsi tərəfindən edilməlidir ki, qoyulan sərmayə geri qayıtsın. 
Nəhayət, kinoteatrlar bərpa olunmalıdır. İndi əlimizdə nə qədər film var. Ancaq göstərməyə nə şəhərlərdə, nə də kəndlərdə yer var.  

Bunlar edilmədən sözlə və ya 3-5 manat dilənçi payı verməklə heç nəyi bərpa etmək mümkün deyil”.  

Sənan İsmayıl