Mərkəzi Elmi Kitabxananın əməkdaşları kitabxana və onun rəhbərliyi haqqında yayılan əsassız məlumatlara etiraz etdilər


Biz Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının  çoxsaylı kollektivi adından (aşağıda imza edənlər) diqqətinizə çatdırırıq ki, Sizin rəhbəri olduğunuz konkret.az saytının 21 fevral 2022-ci il tarixində "AMEA-nın daha bir struktur rəhbərindən Prezidentə şikayət edildi” başlıqlı dərc etdiyi yazı kollektivimizin ciddi etirazlarına səbəb olub. Belə bir müraciətin kimlər tərəfindən edilməsi şübhə yaratmaqla bərabər, həm də heç bir həqiqətə uyğun deyildir. Kollektivimiz bu məsələni təcili olaraq müzakirəyə çıxararaq, kitabxanamızın işgüzar imicinə və onun baş direktoru professor Məmməd Əliyevin şəxsinə ünvanlanmış bu böhtan kampaniyasına mənfi münasibətini bildirmək qərarına gəlib.
 
Qeyd etmək istərdik ki, MEK-in baş direktoru, professor Məmməd Əliyev 2020-ci il noyabr ayının 25-də bu müəssisədə rəhbərlik fəaliyyətinə başladığı ilk gündən öz davranışı, biliyi, bacarığı, dövlətinə sədaqəti ilə rəhbərlik etdiyi kollektivdə çalışan hər bir işçinin hörmətini qazanmışdır. Dəyərli alimin təşəbbüsü ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dühasını daha yaxından tanımaq məqsədilə AMEA Mərkəzi Elmi Kitabxanasında 2021-ci ilin fevral ayından etibarən “Heydər Əliyev lektoriyası” təşkil edilmiş, bu lektoriyalarda çoxsaylı məruzələr dinlənilmişdir. Həmçinin, dövlətin dəstəyi və özünün şəxsi təşəbbüsü ilə o, MEK-də “Qarabağ müharibəsi qəhrəmanları fondu”nun yaradılmasına nail olmuş, Vətənimizin azadlığı, müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlər, müharibə iştirakçıları, qazilər haqqında məlumatların fondda sistemli şəkildə toplanılması və gələcək nəsillərə ötürülməsi istiqamətində əməli addımlar atmışdır.
 
İşinə məsuliyyətlə yanaşan professor Məmməd Əliyev oxucuların da hörmətini qazanmışdır. Bildiyimiz kimi, pandemiya ilə əlaqədar olaraq 2 ilə yaxın müddətdə yerində fəaliyyətini dayandıran MEK 2021-ci ilin oktyabr ayının 15-dən etibarən qapılarını növbəti dəfə oxucularına xoş xəbərlərlə açmışdır. Belə ki, dəyərli alimin daha bir təşəbbüsü ilə MEK-də ilk dəfə olaraq, AMEA-nın əməkdaşları, magistrantları, dissertant və doktorantları, Qarabağ və Vətən müharibəsi qaziləri, habelə şəhid və veteranların ailələri, eləcə də yaşı 75-dən yuxarı olan şəxslər üçün oxu zallarından, kitab və kitabxana fondlarına məxsus sənədlərdən istifadə ödənişsiz əsaslarla həyata keçirilməyə başlamışdır. Nəzərinizə çatdırmaq istərdik ki, əvvəllər bu proses ödənişli əsaslarla həyata keçirilirdi.

Rəhbərlik etməyə başladığı ilk günlərdən isə MEK-də işçiləri elmə həvəsləndirmiş, gənc əməkdaşları elmi işlə məşğul olmağa, təhsillərini davam etdirməyə təşviq etmişdir.

Professor Məmməd Əliyev MEK-in beynəlxalq əməkdaşlığına da xüsusi önəm vermiş, Qazaxıstan, Rusiya, Belarus, Estoniya, Moldova, Türkiyənin və digər xarici dövlətlərin milli və universitet kitabxanaları, müvafiq təşkilat və müəssisələri ilə əlaqələrin qurulmasına nail olmuş, çoxsaylı kitab mübadilələri həyata keçirilmişdir. Eyni zamanda işçilər biliklərinin daha da artırılması, müasir kitabxana-informasiya strukturunun təkmilləşdirilməsi istiqamətində xarici ölkə kitabxanalarının işini daha yaxşı mənimsəmək məqsədilə təşkil olunmuş elmi seminar və konfranslarda iştirak etmişlər.
 
Nəzərinizə çatdırmaq istərdik ki, bu cür şər-böhtan xarakterli, heç bir əsası olmayan məlumatlar bir əsrə yaxın yaşı olan Mərkəzi Elmi Kitabxananın imicinə zərər gətirməklə yanaşı, xalqına, dövlətinə sədaqətlə xidmət edən, burada çalışan hər bir işçini narahat edir.
 
Onu da vurğulamaq istərdik ki, Mərkəzi Elmi Kitabxanada 20, 30, 40 hətta, 50 ildir ki, fəaliyyət göstərən əməkdaşlar bu gün də öz layiqli peşələrini davam etdirirlər və bunun üçün kitabxanada kifayət qədər münbit şərait yaradılmışdır. Uzunmüddətli ardıcıl fəaliyyət və kitabxana işinə böyük əmək sərf edən, sənətinə sevgi və bağlılıqla gənclərə örnək olan, bu gün də MEK-də öz layiqli peşəsini uğurla davam etdirən təcrübəli əməkdaşların adından yayılan bu cür yalan, uydurma, sifarişlə yazılmış məlumatların fonunda ictimaiyyət arasında çaşqınlığın aradan qaldırılması yönündə həmin məlumatlara cavab olaraq bu yazının işıqlandırılmasını təmin edəcəyinizə əminliyimizi bildiririk.

Xüsusilə qeyd etmək istərdik ki, Mərkəzi Elmi Kitabxanada heç bir otaq icarəyə verilməmişdir.

Bildiririk ki, baş direktor professor Məmməd Əliyev kitabxanaya rəhbərliyi layiqincə yerinə yetirən dəyərli alimdir. Haqqında sadalamaqla bitməyən müsbət keyfiyyətlərin fonunda hazırda MEK-də çalışan bütün işçilərin könüllü olaraq hər birinin öz şəxsi imzaları ilə yazdıqları mətnin surətini də Sizlərə təqdim edirik.