İşıqlı şəhərin qaranlıq yolları... – FOTOLAR

“Baxırsan ki, işıqforların işləməməsindən 1-2 ay keçir, amma vəziyyət hələ də eynidir”

 “Sürücülər də işıqforu görmədikləri üçün qəza törədirlər. Bu və digər problemlər də həll edilməlidir”


Fevralın 23-də Bakıda Bəxtiyar Vahabzadə küçəsi ilə Mətbuat prospektinin kəsişməsində də işıqforların və elektrik dirəklərinin işıqları sönüb. Nəticədə yolda qəzalı vəziyyət yaranıb. İşıqforların işləməməsi piyadalar və sürücülər arasında çaşqınlığa səbəb olur. 

İşıqforların işində yaranan problemlərin həll yollarını “sherg.az"a açıqlayan nəqliyyat sahəsi üzrə ekspert İlqar Hüseynli bildirib ki, BNA və Yol polisi birgə tədbirlər görməlidir:

“İşıqforların texniki imkanlarının təmin edilməsi məsələsində məsuliyyətli qurum Bakı Nəqliyyat Agentliyidir. Həmçinin yol polisi də monitorinqlər aparmalıdır. 

İşıqforların dərhal təmir edilməsi məsələnin həll yoludur. İşıqfor təmir edilənə qədər isə nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün yol polisləri növbəli şəkildə fəaliyyət göstərməlidir. Bəzən aylarla təmiri yubadırlar. Baxırsan ki, 1-2 ay keçir, amma vəziyyət hələ də eynidir. 

Təkcə problem işıqforların işləməməsi deyil. Həmçinin yaz aylarında yarpaqların sıxlaşması nəticəsində işıqforlar ağacların arxasında gizlənir. Sürücülər də işıqforu görmədikləri üçün qəza törədirlər. Bu və digər problemlər də həll edilməlidir”.

Xanlar ƏLİBƏY