Bir cüt göz...

Saatlardır Rusiyanın Ukraynanı işğalından yazıram. Telefon danışıqları, xəbərdarlıqlar, bəyanatlar...Az qala, bütün dünya Kremlin işğalçılıq siyasətinə qarşıdır. Beynəlxalq təşkilatlar hərbi əməliyyatların ən qısa zamanda dayanmayacağı təqdirdə Kremlin bunun əvəzini ödəyəcəyini deyirlər.

Ukrayna rəsmiləri, o cümlədən Prezidenti Vladimir Zelenski beynəlxalq ictimaiyyətə, tərəfdaşlarına müraciət edirlər. Onlar Rusiyaya qarşı sanksiyaların artırılmasının, Putinin dayandırılmasının vacibliyindən danışırlar. Zelenski nikbindir, xalqının birliyinə, həmrəyliyinə, cəsarətinə inanır.

 Döyüşlər isə davam edir. Rəsmi məlumatlara görə hər iki tərəfdən xeyli ölən, yaralanan və əsir düşən var.

İnformasiyalar dayanmır, məlumatlar işıq sürəti ilə yenilənir. Mümkün qədər operativ olmağa çalışıram. Həm də hadisələrin gedişi barədə düşünür, nəticəsini təxmin edirəm. Gərginliyin başlanma səbəbini, son bir neçə ayda baş verənləri yadıma salıram.

 Artıq yorulduğumu hiss edirəm. İş saatının bitməyinə az qalıb. Silahlar isə susmur. Rusiyada xalq müharibəyə etiraz edir, küçələrə çıxır. Ukraynada mülki vətəndaşlar əllərinə silah alırlar.   Hərbi əməliyyatların haçan  bitəcəyi  məlum deyil. Başımı əllərim arasına alıb düşündüm. Soyumuş çayımdan bir neçə qurtum aldım.

 Belə bir vaxtda təsadüfən bu fotonu gördüm. Şəklin harada çəkildiyindən xəbərsizəm. Nə qızın adını bilirəm, nə də oğlanın. Ancaq nə fərqi var ki? Onsuz da hər birimiz insanıq. Keçirdiyimiz hissləri anlaya, duyğularımıza şərik çıxa bilirik.

Kadrdan qızın narahatlığı, qorxusu aydın hiss olunur. Ola bilsin, oğlan müharibəyə getməyə hazırlaşır- ya könüllü, ya çağırışla. Bəlkə də, bu, sonuncu görüşləridir. Fərqi yoxdur. Əsas məsələ odur ki, ortada həyəcan, ayrılıq, niskil var. Bəlkə,  qız "Getmə" deyib. Dili ilə olmasa da, gözləri ilə. Fəqət, görünür qərar qətidir.

Sözsüz, hər iki ölkədə belə cütlüklər çoxdur. Gənc oğlanlar "Vətən!" deyib cəbhəyə yollanırlar, lakin tərəddüd etməmiş də deyillər. Axı arxalarında bir cür gözü qoyub gedirlər. O bir cüt gözdə isə çox şey var- sevgi, qayğı, sonsuz inam...Bir sözlə, insanı xoşbəxt edəcək hər şey. Elə isə adam öz- özünə düşünür: nəyə lazımdır müharibə? Kimə gərəkdir başqasının torpağı? Fikirləşməyə dəyməz. Bu, bəlkə, tarixin özünün cavab verə bilməyəcəyi sualdır.

 Amma geridə qoyulan o bir cüt göz var ha, ancaq onun üçün, bircə onun gülməyindən ötrü bütün savaşları dayandırmağa dəyər...

ABŞ-ın keçmiş prezidentlərindən biri Con Kennedi deyirdi ki, ya bəşəriyyət müharibəyə, ya da müharibəyə bəşəriyyətə son qoyacaq. Birincinin olacağına ümid edirik. Bəlkə, doğrudan da, savaşlara qon qoyular...

Kənan Novruzov