Üz, əllər, gözlər, baxış, qollar, mimika, jest, geyim, makyaj hamısının bir mesajı var. Bədən dili hiss etdiklərimizi və ya ağlımızdan keçənləri əl, qol hərəkətləri və üz ifadələri ilə çatdırmaqdır. Bədənimizdən gələn mesajlar sözlərdən daha təsirli və dürüst ünsiyyət təmin edir. Məsələn, dodağını bükərək bəyəndiyini söylədiyin nəyisə bəyəndiyinə qarşındakını inandıra bilmək qeyri-mümkündür.
Ukrayna-Rusiya müharibəsinin getdiyi vaxtda iki dövlətin rəhbərlərinin bədən dili müzakirələrə səbəb olub. Xüsusilə, Ukrayna Prezidenti Volodimir Zelenskinin üç gün əvvəlki çıxışı bir çoxunun diqqətini çəkib.
Dövlət rəhbərinin bədən dili ilə bağlı "Sherg.az"a danışan psixoloq Fərqanə Mehmanqızı diqqətə çatdırıb ki, duruş insanın xarakterinə, vəziyyətə uyğun dəyişir. Onun sözlərinə görə, bədən dilinin ümumi bir düsturu yoxdur:
"V.Zelenskinin üzərində müharibənin gərginliyi, günlərin yuxusuzluğu var. Onun aktyorluq qabiliyyəti, istedadı ilə birlikdə aqressiyasını, gərginliyini gizlətməyə çalışır. Millətdə ruh yüksəkliyi yaratmaq, xalqı səfərbər etmək üçün məqsədli özünü toparlamağa səy göstərir. Əl hərəkətləri vasitəsilə qələbəyə inamının mesajını ötürmə məsuliyyəti olsa da, daxilən isə narahatlığını büruzə verir. Fikirlərini ifadə edərkən istər səs tonunda, istərsə də, üz cizgizlərində açıq şəkildə nəzərə çarpır".
Psixoloq söyləyib ki, V.Zelenskinin şəkli İ.Stalinin A.Hitlerin hücumunu eşitdiyi an çəkilən fotosunu xatırladır:
"Çarəsizliyin, millətinə, xalqına sığınmağın rəsmidir. Dodağının sıxılması səssiz bağırtıdır. Demək istədiyi, lakin söyləyə bilmədiyi fikirləri mövcuddur. Bəlkə də, həmin an xalqına ehtiyac duyduğunu bildirməlidir, lakin korreksiya etməli, güclü obraz kimi görünməlidir. Bunların fonunda dünyaya meydan oxumaq asan deyil. Hərbi kamuflyaj geyimləri də diqqətdən kənarda qalmır. Kabinet məmuru deyil, hərbçilərin yanında olduğunu, müharibəni hiss etdiyini vurğulamaq istəyir. Ali Baş Komandan yox, səhra əsgəri kimi özünü nümayiş etdirir. Geyimləri təbiətin verdiyi rənglərlə ahəngdir".