Böyüyəndə də bizimdir

Hamı çalışmalıdır ki, dövlətə layiqli vətəndaşlar yetişsin

“Uşaqların sağlam ruhda böyüməsi onların necə tərbiyə olunmasından çox asılıdır”

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

   Novruz bayramı ərəfəsində Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri və Aparat nümayəndələri, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri rayon ərazisindəki 3 saylı uşaq evinin sakinləri ilə görüşüb. 3 saylı uşaq evinin direktoru Məhbubə Hüseynova görüşdə dövlətin uşaqlara diqqət və qayğısından geniş bəhs edib. Bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev hər zaman uşaqlara böyük qayğı ilə yanaşıb, onların sağlam böyümələri üçün zəruri addımlar atıb. 

Ümumiyyətlə, Azərbaycanda uşaq hüquqlarının qorunması prioritet məsələlər sırasındadır. 1 iyun tarixinin Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunması uşaqlara beynəlxalq səviyyədə diqqətin bariz nümunəsidir. Ulu öndər Heydər Əliyev “Uşaqlar bizim gələcəyimizdir” söyləyərək cəmiyyətin hər bir üzvünə onlara qayğı ilə yanaşmağa çağırışlar edirdi: 

“Nəzərə alsaq ki, hər bir uşağın sağlam böyüməsi, mənəvi sıxıntılardan uzaq olması üçün ailəyə ehtiyacı var. Bu halda valideyn himayəsindən məhrum olmuş uşaqların hansı problemlərlə üzləşdiklərini təsəvvür etmək çətin deyil. Baxmayaraq ki, dövlət bu uşaqların qayğıdan kənarda qalmamaları üçün zəruri olan bütün addımları atır, uşaq evlərinin fəaliyyəti və onlarda uşaqların gələcək inkişafı üçün bütün imkanların yaradılması, ən əsası onların valideyn nəvazişindən uzaq olduqlarını hiss etdirməmək üçün yüksək qayğının təmin edilməsi həyata keçirilir, yenə də bu işdə ailənin önəmi danılmazdır. Ailə kiçik dövlətdir. Bu kiçik dövlət Azərbaycanın gələcəyi üçün hərtərəfli vətəndaş yetişdirir, onun gələcəyinə təminat verir. Heydər Əliyev siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin uşaqlara diqqət və qayğısının bariz nümunəsi 2009-cu ili ölkəmizdə “Uşaq İli” elan etməsidir.  Bununla yanaşı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdə də uşaqlara diqqət və qayğı əsas yer tutur.” Çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə dövlətimizin uşaq siyasətindən geniş bəhs edərək bu istiqamətdə atılan addımlardan, imzalanan Fərman və sərəncamlardan, təsdiqlənən Dövlət proqramlarından, eyni zamanda, hər bir sahənin inkişafına, cəmiyyətin idarə olunmasına xidmət edən qanunlardan bəhs edərək bildirib ki, uşaqların sağlam ruhda böyüməsi onların necə tərbiyə olunmasından asılıdır. Dövlətin valideyn qayğısından məhrum olan uşaqları öz himayəsinə götürərək onların problemlərinin həllini diqqət mərkəzində saxlaması və hərtərəfli şəkildə yetişmələri üçün zəruri tədbirlər görməsi təqdirəlayiq haldır. YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Novruz bayramında daha çox sevinən uşaqlar olur. 

Zəngin tarixi və rəngarəng folkloru özündə ehtiva edən Novruz bayramının adətləri uşaqlar üçün xüsusi maraq kəsb edir. Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov çıxışında milli birlik, həmrəylik, bolluq, bərəkət bayramı olan Novruzun insanlarda yaratdığı xoş ovqatdan, yüksək əhval-ruhiyyədən bəhs edib. Qeyd edib ki, Novruz gəlişi ilə ölkəmizə əmin-amanlıq, firavanlıq, səmimiyyət gətirir. Bu gün Novruz sevincimizə sevinc qatan digər mühüm amil 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizdir. Tarixi Zəfərimizin yaratdığı sevinc keçirilən tədbirlərin miqyasında da özünü aydın şəkildə ifadə edir. Birliyimizi, həmrəyliyimizi özündə təcəssüm etdirən Novruz bayramında uşaqlarla, ahıllarla bir arada olmaq, onların qayğıları ilə maraqlanmaq, sevincimizi bir yerdə paylaşmaq hər birimizi qürurlandırır. Çünki milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə uyğun olaraq uşaqlara, böyüklərə diqqət və qayğı hər birimizin vətəndaşlıq borcumuzdur.

Təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında qeyd etdi ki, istər Novruz bayramı günlərində, istərsə də digər bayramlarda, əlamətdar günlərdə uşaq müəssisələrinə ziyarətlərin təşkil olunması böyük əhəmiyyət kəsb edir: 

- Uşaqlarla daim ünsiyyətdə olmaq, əlaqələrin qırılmamasına çalışmaq lazımdır. Xüsusilə söhbət dövlət müəssisələrində böyüyən uşaqlardan gedirsə. Uşaqların fiziki inkişafı ilə yanaşı mənəvi inkişafı da önəmlidir. Bu da asılıdır, müəssisə rəhbərliyindən, orada çalışan müəllimlərdən, tərbiyəçilərdən.

 Hətta təsərrüfat işləri ilə məşğul olan əməkdaşlardan da. Müəssisənin bütün əməkdaşları bir həqiqəti unutmamalı, daim yaddaşda saxlamalıdırlar ki, bu uşaqlar arasında bir və ya hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum, valideynləri, yaxın qohumları tərəfindən baxımsız qaldıqları üçün, doğmalarının sahib çıxmadığı uşaqlar var.

 Və bu uşaqlara xüsusi diqqət və qayğı göstərilməlidir. Təbii ki, dövlət üzərinə düşən vəzifəni yerinə yetirir. Bununla kifayətlənmək olmaz. Müəssisə əməkdaşları da vəzifələrini bilməli, hətta dəfələrlə artıq dərəcədə çalışmalıdırlar ki, dövlətimizə layiqli vətəndaşlar yetişsin. 

Novruz bayramı ərəfəsində uşaq müəssisələrinə səfərlər həm də balalara milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi aşılamaq baxımından önəmlidir. Bu uşaqlar sabahın yetişkin vətəndaşı, ata-ana – valideyn olacaqlar. Novruzun əsas xüsusiyyətlərindən biri böyükləri ziyarət etmək, kiçikləri sevindirməkdir. 

Bu gün uşaqlar böyükləri onları sevindirdiyinə şahid olursa, sabah onlar da eyni addımı atacaq, yaddaşlarında qalmış gözəl xatirənin işığı ilə hərəkət edəcəklər. Ənənələr belə qorunur, dəyərlərə belə sahib çıxılır.