ABŞ də, Avropa İttifaqı da sülh istəyirlərsə, Ermənistandan əllərini çəkməlidirlər
Ermənistan Avropa İttifaqının “müşahidə missiyası”nın fəaliyyətinin uzadılmasını istəyir. Parlamentin spikeri Alen Simonyan müşahidə missiyasının vaxtının uzadılması variantını Aİ-yə təqdim etdiklərini açıqlayıb. “Missiya”nın Ermənistanı tərk etməyəcəyi də aydın görünür.
Ermənistan mediası İrəvanın Aİ misiyasını ölkədən çıxarmadan Bakının “üçüncü ölkələrin qüvvələrinin sərhəddən çıxarılması” tələbini də icra etməyin yollarını axtardığını yazır. “Hraparak” nəşri qeyd edir ki, bu variantlardan biri missiya üzvlərinin sərhəddən kənarda ofis rejimində fəaliyyət göstərməsidir. Nəşr bunun mümkün olub-olmadığını Alen Simonyandan soruşub. Simonyan bildirib ki, bununla bağlı dəqiq cavab verə bilməyəcək. Qeyd olunub ki, bu, sülh sazişi mətnində Bakının irəli sürdüyü tələblərindən biridir və İrəvan bundan imtina edir.
Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu "Sherg.az"a deyib ki, sülh sazişinin imzalanması üçün qarşılıqlı etimad mühitinin yaradılması lazımdır. Siyasi şərhçinin sözlərinə görə, əgər Ermənistan xarici qüvvələrin Cənubi Qafqazdakı forpostu olma missiyasını davam etdirməklə sülh sazişini imzalamaq niyyəti güdürsə, bu, aldatmacadır:
"Bu, Ermənistanın işğalçılıq dönəmində bizə vurduğu zərər-ziyan üçün beynəlxalq məhkəmələrdə ona qarşı açılan təzminat davalarından qaçmaq cəhdidir. Ermənistan müəyyən üstünlüklər əldə etməyə çalışır. Reallıqla heç bir addım atmadan, sözdə sülh sazişindən danışmaqla özünü qorumaq, gücləndirmək, zaman qazanmaq, silahlanmaq, geosiyasi şəraiti lehinə dəyişmək niyyəti güdür. Azərbaycana qarşı nə zamansa yenidən revanşist siyasət sərgiləmək hədəfi güdürlər. Ona görə də natamam sülh sazişinin imzalanmasında israr edirlər. Sülh sazişinin imzalanması üçün bütün şərtlər uyğun olmalıdır. İki tərəf qarşılıqlı olaraq bir-birinə etimad, güvən duymalıdır. Bunun önündə dayanan başlıca problemlərdən biri Ermənistanın hələ də forpost rolunu oynaması və Avropa İttifaqının "mülki müşahidə" missiyasının bölgədə yerləşməsidir. Üstəlik, ABŞ ilə strateji müttəfiqlik sazişi imzalayaraq, amerikalı sərhəd mühafizə qrupunun Ermənistana gətirilməsinə, silahlanma və sərhədlərin qorunması məsələsində ABŞ-dən də yardım almağa çalışır. Bu, təbii ki, qebuledilməzdir. Azərbaycan başqa dövlətlərin, üçüncü qüvvələrin öz hərbçilərini sərhədlərimiz boyunca yerləşdirməsi, orada "müşahidə" aparmasına razı ola bilməz. Belə şəraitdə də sülh sazişi imzalana bilməz. Ona görə də Azərbaycanın tələbləri açıq-aşkar və birmənalıdır. Ermənistan qərar verməlidir. Ya forpost olacaq, ya da müstəqil dövlət kimi sülhdən yana siyasət həyata keçirəcək. Reallıq tələb edir ki, Ermənistan praqmatik siyasət izləsin, qonşulara ərazi iddiasından imtina etsin, revanşizmdən əl çəksin".
T.Nüsrətoğlu bəyan edib ki, Avropa İttifaqının "müşahidə" missiyasının müddətinin uzadılması meyilləri, başqa-başqa adlar altında regiona müdaxilə cəhdləri qəbuledilməzdir:
"Cənubi Qafqazda heç bir xarici qüvvə olmamalıdır. Bizim siyasətimiz açıq-aşkardır. Bakı tələb edir ki, Aİ-nin missiyası öz fəaliyyətini dayandırmalıdır. Avropa İttifaqının bölgə ilə bağlı siyasəti baxımından da bu, çox mühümdür. Yeni dünya nizamında geosiyasi cəhətdən uduzan, əhəmiyyətini itirən bir Avropa Birliyi var. Aİ strateji region sayılan Cənubi Qafqazda, Türküstanda var olsun, ticarət yollarından istifadə etsin, bölgənin güc sahibləri ilə hesablaşmaq məcburiyyətindədir. Bölgədə Azərbaycan və Türkiyənin maraqları mütləq nəzərə alınmalıdır. Əks halda Ermənistan üzərindən nəyə nail olmaq mümkündür?! ABŞ də, Avropa İttifaqı da bu məsələdə ciddi qərarlar verməlidirlər. Həqiqətən, sülh istəyirlərsə, Ermənistandan əllərini çəkməlidirlər. Ermənistanı şirnikləndirmək, ürəkləndirmək əvəzinə diplomatik kanallarla İrəvanı sülhə məcbur etməlidirlər".