Azərbaycan və Gürcüstan bütün mümkün sahələrdə əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsində maraqlıdır
Azərbaycan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulmasına xüsusi önəm verir. Xarici siyasətimizin prioritet istiqamətlərindən biri də qonşu dövlətlərlə əlaqələrin yüksək səviyyədə qurulmasıdır. Bu baxımdan strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələrdə uğurlu inkişafı ilə diqqət mərkəzindədir.
Ötənlərdə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana işgüzar səfəri bir daha iki dost, qardaş ölkənin tarixi köklərə söykənən əlaqələrinin geniş təhlilinə imkanlar yaratdı. Bu, Gürcüstan baş nazirinin ölkəsində keçirilən parlament seçkilərindən sonra ilk xarici səfəri idi. Məhz ilk səfərin Azərbaycana olması iki ölkənin münasibətlərinin hazırkı inkişaf səviyyəsinə işıq saldı. Dövlət başçısı İlham Əliyev Gürcüstanın Baş naziri ilə mətbuata birgə bəyanatında bu mühüm məqamı da xüsusi qeyd etdi ki, bu səfər İrakli Kobaxidzenin son 10 ayda Azərbaycana üçüncü səfəridir. Bu fakt özlüyündə Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin və mənalı olduğunu göstərir. İki ölkə arasında 123 sənəd imzalanıb. Hər bir sənəd münasibətlərin yeni istiqamətlər üzrə inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Azərbaycanın öz enerji resurslarını Avropa bazarlarına çatdırmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Prezident İlham Əliyev mətbuata bəyanatında bir daha diqqəti bu reallıqlara yönəldərək bildirdi ki, xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşayıblar.
Millət vəkili Əli Məsimli bildirib ki, yaşadığımız regionda davamlı təhlükəsizlik, sülh və əmin-amanlığın təmin edilməsi üçün Azərbaycanla Gürcüstan münasibətlərinin daim yüksək səviyyədə olması, qarşılıqlı hörmət və qarşılıqlı faydalılıq prinsipi əsasında davamlı olaraq inkişaf etdirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Deputatın sözlərinə görə, bunu şərtləndirən önəmli amillərdən biri iki ölkənin müxtəlif dövlət qurumları arasında sıx təmaslar, hökumətlərarası və parlamentlərarası münasibətlərdir:
"Bunlar Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın yeni layihələr mərhələsinə keçməsində güclü təkanverici amil rolunu oynayır. Gürcüstanın baş nazirinin Azərbaycana səfəri Azərbaycanla Gürcüstanın yeni əməkdaşlıq mərhələsində qarşıda duran vəzifələrin dolğun şəkildə reallaşdırılmasına xidmət edir. Bunun əsas konturları Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin mətbuata bəyanatlarla çıxışlarında aydın göründü. Azərbaycan Prezidenti öz çıxışında bildirdi ki, bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Xüsusi vurğulanıb ki, iki ölkə arasında energetika sahəsindəki əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Bununla paralel, Azərbaycanla Gürcüstan birlikdə yaşıl enerji layihələrini də həyata keçirir".
Parlament üzvü vurğulayıb ki, xüsusi diqqət yetirilən məsələlərdən biri də iki ölkənin Orta Dəhliz layihəsində də yaxın tərəfdaşlar kimi fəaliyyət göstərməsi məsələsi olub: "Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır. Liderlərin bəyanatlarında səsləndirilən fikirlər və verilən mesajlar Azərbaycan-Gürcüstan münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir. Tərəflər ikitərəfli, regional və beynəlxalq formatlarda ölkələrimizin bir-birinin maraqlarına hörmət və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığının bundan sonra da artan xətlə davam etdirilməsi əzmini nümayiş etdirdi. Bu görüş bir daha göstərdi ki, hər iki tərəf - Azərbaycan və Gürcüstan yeni layihələr kontekstində və bütün mümkün sahələrdə əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsində maraqlıdır. Son zamanlar ölkələrimiz arasında yaşıl energetika və kommunikasiya sahələrində konkret layihələr üzrə əməkdaşlığın genişlənməsi müşahidə olunur. Bu layihələrin təmiz enerji təchizatçısı kimi həm Azərbaycan və həm də Gürcüstanın əhəmiyyətini qlobal səviyyədə artırmaqla yanaşı, perspektivdə iqtisadiyyatlarımızın dayanıqlı inkişafına əlavə impuls verəcəyi şəksizdir".