Xartiyadakı müddəalar nə Ermənistanın potensialına, nə də regiondakı maraqlara uyğun gəlir -ŞƏRH

ABŞ-la iqtisadi, təhlükəsizlik və müdafiədən tutmuş demokratik təsisatlarımıza dəstəyə qədər, bir çox sahədə əməkdaşlıq mövcuddur. Bu sözləri Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq xartiyası haqda parlamentdə danışarkən deyib. O bildirib ki, bu, yaxşı perspektivlər açan çox uğurlu, çoxşaxəli sənəddir. Həmçinin qeyd edib ki,  mən başqa bir şey üzərində dayanmaq istəyirəm. Çox maraqlı manipulyasiya prosesləri var idi. Bəziləri dedi: hamı xilas oldu... Şimalda, cənubda, şərqdə və qərbdə xilaskarlar axtarmağa ehtiyac yoxdur. Əgər özümüzü xilas etmək imkanımız varsa, o zaman bunu özümüz etməliyik ki, xilas olaq, inkişaf edək, güclənək. Biz xilaskar axtarmırıq və bu sənədlə heç bir xilaskar tapmadıq. Başqa bir qrup deyir ki, bu, hərbi ittifaqdır. Yəqin ki, daha sonra deyəcəklər ki, görürsən, strateji müttəfiqlik işləmədi. Amma ən parlaq qrup da var, dedi ki, yaxşı və ya pis, Tehran və Moskva buna görə bizi cəzalandıracaq. Mən Moskvada səfərdə idim, müavinim isə iki gün öncə Tehrandan qayıdıb. Biz çox yaxınıq, deyə bilərik ki, Moskva və Tehrandakı həmkarlarımızla gündəlik, həftəlik təmasdayıq, bir çox məsələləri koordinasiya edirik və qarşılıqlı anlaşma və tərəfdaşlıq şəraitində işləyirik. 
Bir daha xartiyaya qayıdan Mirzoyan qeyd edib ki, bu, mühüm sənəddir. Onu hərbi ittifaq adlandırmaq olmaz; bu, ümumiyyətlə, müqavilə deyil, xartiyadır.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli “Sherg.az”a söyləyir ki, Mirzoyanın açıqlaması daha çox ölkənin ictimai rəyinə yönəlib:

“Məlum olduğu kimi Ermənistan ictimai rəyində Donald Tramp prezident seçildikdən sonra narahatlıqlar yaranıb. Ölkənin xarici siyasətinin düzgün qurulmadığı ilə bağlı fikirləri səsləndirilir. Həmçinin buna görə Ermənistanın Amerika Birləşmiş Ştatlarındakı səfirinin geri çağırılması və cəzalandırılması ilə bağlı mülahizələr ortalıqdadır. Bütün bunların qarşılığında Ermənistan rəhbərliyi xarici siyasət sahəsində uğursuzluğa yol vermədiklərini önə çəkmək üçün prinsip etibarilə Entoni  Blinken dövründə imzalanan xartiyanı diqqətə çatdırmağa çalışırlar. Amerika Birləşmiş Ştatlarının bundan öncə də müxtəlif dövlətlərlə, hətta müttəfiqlik səviyyəsində sazişləri olub. Lakin həmin sazişlərin icra edilməməsi istiqamətində faktorların nəzərə çarpdığını görmüşük. Prinsip etibarilə Donald Tramp bütövlükdə ABŞ-də olan lobbilərin, diaspora təsisatlarının Birləşmiş Ştatların xarici siyasətinə təsir etmək istiqamətində fəaliyyətlərinin əleyhinə çıxış edib və onların məhdudlaşdırılmasını əsas kimi sayır. Ona görə də Tramp administrasiyasının liberallaşmaya qarşı olan neqativ mövqeyini və suveren dövlətlərin dünyada daha çox üstün mövqeyə sahib olması ilə bağlı sərgilədiyi yanaşmanı nəzərə alsaq sözügedən xartiyanın həyata keçməsi problem olaraq qalacaq. Xartiyada nəzərdə tutulan müddəalar nə Ermənistanın mövcud potensialına, nə də Cənubi Qafqazdakı mövcud geosiyasi maraqlara uyğun gəlir.  Bu xartiya Donald Tramp dövründə kağız parçası olaraq kənara atılacaq və Amerikanın həmin sənəddə qeyd olunan dəstəyi Ermənistana verməsinə zəmin yaratmayacaq”.