Estoniya parlamenti (Riyqikoqu) Gürcüstan prezidentinin, parlamentinin və hökumətinin legitimliyini tanımadığına dair bəyanat qəbul edib.
Bu barədə Riyqikoqunun saytında məlumat dərc edilib. Bildirilib ki, bəyanatı parlamentin 59 üzvü dəstəkləyib, 9-u isə əleyhinə səs verib.
Bəyanatda “Rusiya Federasiyasının Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü təhdid edən hərəkətləri” pislənilib. Bəyanatda qeyd olunub ki, son on ildə Estoniya Rusiya Federasiyasının gürcü cəmiyyətinin qütbləşməsinə və Gürcüstandakı demokratik seçkilərə müdaxiləyə dair fəaliyyətlərini artan narahatlıqla izləyir. Ötən ilin oktyabrında zorakılıq və hədə-qorxu mühitində keçirilən parlament seçkilərinin nəticələri gürcü xalqının azad iradəsini əks etdirmir. Rusiya Federasiyasının dəstəyini alan hakim “Gürcü Arzusu” partiyası saxta seçkilərin nəticələrindən dövlət institutlarına tam nəzarət etmək, müxalifəti və vətəndaş cəmiyyətini sıxışdırmaq üçün istifadə edir. Bundan əlavə, bəyanatda Estoniya parlamentinin Gürcüstan parlamenti və hökumətinin legitimliyini tanımadığı, Estoniya parlamentinin qanuni prezident kimi yalnız Salome Zurabişvilini tanıdığı və onun ölkədəki konstitusiya böhranına son qoymaq səylərini dəstəklədiyi bildirilib. Bəyanatda həmçinin qeyd olunub ki, “Parlament Gürcüstanda konstitusiya böhranının həlli və demokratiyanın bərpası üçün qaçılmaz olan yeni parlament seçkilərinin keçirilməsini tələb edən demokratik qüvvələri dəstəkləyir, həmçinin artan Rusiya imperializminin dəstəyi ilə dinc nümayişçilərə qarşı amansız repressiyaları pisləyir və istənilən zorakılığa və ya təqiblərə son qoymağa, həmçinin bütün siyasi məhbusların azadlığa buraxılmasına çağırır. Estoniya Parlamenti həmçinin Gürcüstanda azad və ədalətli seçkilər keçirilənə qədər Gürcüstanın “qeyri-legitim hökuməti” ilə əlaqələrin ciddi şəkildə məhdudlaşdırılmasını, “hədə-qorxu və təqiblərə baxmayaraq azad cəmiyyət adından fəaliyyətini davam etdirən” vətəndaş cəmiyyəti nümayəndələrinə və azad mediaya dəstək ifadə etməyi tələb edib.
Politoloq Azər Rəşidoğlu “Sherg.az”a söyləyib ki, Qərb ölkələri Gürcüstanın yeni hökumətinə ciddi təzyiqlər edir, Estoniya da həmin təzyiq ssenarisinin iştirakçısıdır:
“Güman edirəm ki, Qərb mövcud vəziyyətdə Tiflisə qarşı siyasi, iqtisadi, təhsil və digər sahələr üzrə sanksiyalar tətbiq edəcək və yeni-köhnə iqtidar ciddi şəkildə legitimlik problemi yaşayacaq. Görünən odur ki, Qərb Gürcüstana qarşı yeni sanksiyalara başlayır. Bunun baş verməsi Tiflis hakimiyyəti üçün ciddi cəza hesab olunacaq. Bundan başqa, “Gürcü arzusu” hakimiyyətində təmsil olunan yüksək ranqlı məmurların Amerika və Avropada oxuyan övladlarını da geri göndərə bilərlər. Hətta iqtisadi sahədə aparılan danışıqların da dayanma ehtimalı var”.
Ekspert qeyd edib ki, Gürcüstana Qərbdən heç bir kredit, yardım, dəstək verilməyəcək:
“Bunun özü Tiflis üçün ciddi cəza olacaq. Çünki Gürcüstanın gəlir mənbələri məhduddur. Qərb Tiflisi cəzalandırmaq üçün bu cür sərt reaksiya alətlərindən istifadə edə bilər. Ancaq Gürcüstan da bu təzyiqlərdən qorunmaq üçün Rusiyaya sığına bilər. Digər tərəfdən Qərbin sanksiyalarının da bir müddət sonra dayanacağını ehtimal edə bilərik. Gürcüstan müxalifətinin gücü yetərli deyil. Lakin bir müddət sonra gürcülər yenidən meydanlara axışa bilərlər və bu zaman Tiflis istiqamətini Qərbə doğru dəyişə bilər”.