İrəvanın sərgilədiyi çıxışlar elə dolayısı ilə KTMT-dən çıxmaq deməkdir -Analitik

Ermənistan 2025-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünün dondurulmasını dayandırmayacaq.
Bu barədə Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin hesabatında deyilir.
Hesabatda bildirilir ki, KTMT-nin Cənubi Qafqaz problemlərinə reaksiya verməkdə “yararsızlığı” və “həyatqabiliyyətsizliyi” 2025-ci ildə çətin ki, dəyişsin.
Ona görə də, Ermənistanın KTMT-yə üzvlüyünün dondurulması üçün əsasların aradan qalxması ehtimalı azdır.

Qeyd edək ki, Ermənistan  KTMT-də iştirakını cari ilin fevral ayında de-yure dondurub. Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, buna səbəb sözügedən təşkilatla bağlanmış sazişin Ermənistana nəticə verməməsi olub.

Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü "Sherg.az"a deyib ki, bu, Ermənistanın növbəti söz oyunudur:

"Ermənistan tərəfi KTMT və Rusiyanın hegemon olduğu digər bütün təşkilatlarla əlaqələri tamamilə kəsmək niyyətindədir. Sadəcə hər hansı və narahatçılıqlardan bunu birbaşa açıq şəkildə etiraf etmirlər. Həmçinin istəklərini müxtəlif variantlarla gündəmə gətirirlər. Ermənistan KTMT-də gah fəaliyyətini dondurduğunu, gah da ümumiyyətlə yer almaq istəmədiyini bildirir. Məhz 2025-ci ildə də bu siyasəti davam etdirəcəkləri gözlənilir. Əslində rəsmi İrəvanın sərgilədiyi çıxışlar elə dolayısı ilə  KTMT-dən çıxmaq deməkdir. Eyni zamanda ABŞ-la tərəfdaşlıq müqaviləsi imzalayan və Avropa İttifaqı (Aİ) ilə yaxınlaşmağa çalışan Ermənistan Rusiyanın hegemon olduğu təşkilatlarda işini dayandırıb çıxmağa çalışır. Digər tərəfdən rəsmi Moskvanın buna münasibət bildirməsi gözləniləndir. Rusiya hərbi-siyasi rəhbərliyi hələ qeyri-müəyyən olan bir sıra məsələləri aydınlaşdırdıqdan sonra Ermənistanın addımlarını cavabsız qoymayacaq".