Zəhərlidir! İnternet üzərindən satılan kremlərin çoxu təhlükəlidir

 Bir çoxumuz internet üzərindən alış-verişi üstün hesab edir: vaxta qənaət edir, mağazaları gəzmirik, həm də daha ucuz başa gəlir, düşünürük. Bəs necə olur ki, keyfiyyətli, brend sayılan mallar ənənəvi qiymətlərdən ucuz başa gəlir? Bu barədə deyəsən, heç də hamı düşünmür. Ucuzluğuna aldanıb sifariş etdiyimiz mallar isə adətən keyfiyyətsiz və kustar üsulla istehsal edilənlər olur. 

Məsələn, xanımların daha çox maraq göstərdiyi və görən kimi sifariş etdiyi dəriyə qulluq vasitələri. “Milliyet.com” internet üzərindən satışı, az qala havada “uçuşan” dəriyə qulluq vasitəsi kremlərin tərkibində ağır metallar olduğuna dair xəbər verir. “Şərq” “Milliyet.com” a istinadən oxucularına bu xəbərdarlığı çatdırır. Türkiyədə çalışan  dermatolologiya üzrə mütəxəssis, doktor Melda Özekinci bildirir ki, 15 ölkədə dəriağardıcı və yaşlanmaya qarşı istifadə olunan 271 fərqli kosmetik vasitə - kremin tərkibi araşdırılıb.

 İnternet üzərindən satılan kremlərin çoxunun tərkibində təhlükəli dərəcədə (1 ppm-dən yüksək ) civə olduğu müəyyənləşib. Bunu mütəxəssislər “astronomik” dərəcə adlandırır.  Bu cür kremləri Pakistan, Meksika, Çin və Tayvan şirkətləri daha çox satır. Kosmetik vasitələrdə civə miqdarının çoxluğu nələrə yol açır?  Dermotoloq qeyd edib ki, civədən dəridəki ləkələrin aradan qaldırılması və guya ki, dərinin gəncləşdirilməsi üçün istifadə edilir. Lakin kosmetik vasitələr alıcıları qısa zamanda təsir altına alsın deyə, civədən lazım olduğundan daha artıq miqdarda istifadə edilir. 

Civənin tərkibində zəhərli elementlər çox olduğundan onlar təkcə dəriyə deyil, ümumilikdə orqanizm üçün böyük təhlükədir. Dəriyə sürtülən civə orqanizmin civəni birbaşa daxilə etməsi kimidir. Bu durum xüsusilə böyrəklərə və sinir sisteminə mənfi təsir göstərir.

 Uzun müddət istifadə edildikdə əzələ boşalması, yaddaş itkisi, böyrək çatışmazlığı kimi xəstəliklərə səbəb ola bilər. Dəriylə təmasda civə birbaşa orqanizmə keçir. 

Təsiri isə içilən dərmanlardan qat-qat artıq olur. Ona görə də dəriyə qulluq vasitəsi qismində kosmetik vasitələri sifariş etməzdən əvvəl mütəxəssislərə müraciət etmək, kremlərin tərkibini öyrənmək, satış həyata keçirən şirkətlə də maraqlanmaq lazımdır. 

Odur ki, kosmetik vasitələr alarkən, ya da sifariş edərkən “adi losyondur, kremdir”, deyib keçmək olmaz.