"Artıq quru sərhədlərini açmaq lazımdır"

Səfir: "Rusiyanın Azərbaycanla əlaqələri möhtəşəmdir"

“Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə əhəmiyyətli sazişdir”. Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında bildirib. Diplomat deyib ki, Rusiya Azərbaycanla əlaqələrin inkişafında çox maraqlıdır. Boçarnikov vurğulayıb ki, Moskva Bəyannaməsi Azərbaycanın suverenliyi, təhlükəsizliyi üçün vacib bir anlaşmadır və bu bəyannamə beynəlxalq hüququn önəmli parçasıdır.

“Rusiya və Azərbaycan arasında regional əlaqələr inkişaf edib”

Səfir bildirib ki, Azərbaycanla Rusiya müstəqillik sınağından uğurla çıxıblar. Səfirin sözlərinə görə, 30 ildə Azərbaycanla Rusiya arasında ticari-iqtisadi əlaqələr, eyni zamanda regional əlaqələr çox inkişaf edib. Diplomat iki ölkənin iqtisadi əlaqələrinə də diqqət çəkib və bunu müsbət qiymətləndirib. Boçarnikov əlavə edib ki, Rusiya tərəfindən Azərbaycana sərmayələr qoyulur, eyni zamanda, ölkələr arasında ticarət dövriyyəsinin həcmi yüksək olub. O deyib ki, pandemiya mədəni əlaqələrə təsir edib. Səfir yaxın vaxtlarda mədəniyyət günlərinin keçiriləcəyini, təhsil sahəsində çox böyük addımların atıldığını vurğulayıb. 

"Rusiya və Azərbaycan arasında aviareyslər bərpa olunur"

Boçarnikov vurğulayıb ki, qarşılıqlı milli valyuta ilə ödənişlər mümkün olacaq. Bu, Moskva Bəyannaməsində də öz əksini tapıb. Onun sözlərinə görə, Rusiyadan Azərbaycana bəzi qida məhsulları üzrə ixrac qadağası müvəqqətidir və bir neçə aya bu qadağa aradan qaldırılacaq. Səfir bildirib ki, tərəvəzlərin ixracına qoyulan qadağalar artıq ləğv edilib. Səfir onu da vurğulayıb ki, Rusiya və Azərbaycan arasında aviareyslər bərpa olunur: “Biz Azərbaycandan xahiş etdik ki, Rusiya aviaşirkətləri uçuş həyata keçirə bilsinlər”. 

Səfir bəyan edib ki, Azərbaycan tərəfi qarşılıqlı inkişaf üçün çox münbit şərait yaradıb. O deyib ki, iki ölkə arasında rəqəmsal innovasiya sahəsində də sənədlər imzalanıb. Rusiya və Azərbaycan Elmlər Akademiyalarının əlaqələrinə diqqət çəkən diplomatın sözlərinə görə, elmi texnoloji inkişaf çox əhəmiyyətlidir. Səfir əlavə edib ki, elm sahəsində də Rusiya və Azərbaycan önəmli addımlar atılacaq. Boçarnikov turizm sahəsindən də danışıb. Diqqətə çatdırıb ki, Azərbaycan hər zaman rus turistlərin diqqət mərkəzində olub: “Artıq quru sərhədlərini açmaq lazımdır. Bununla daha çox turist səfər edəcək”. 

Səfir vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün uyğun şərait yaradılmalıdır. Onun sözlərinə görə, Rusiya Azərbaycanla Ermənistanın sülh danışıqlarına başlamasına hər zaman dəstək verməyə hazırdır. Diplomat, Azərbaycanın Ermənistana sülh danışıqlarına başlamaqla bağlı təklif irəli sürdüyünü də xatırladıb.

“Danışıqlarda müəyyən irəliləyişə nail olunub”

Rusiya səfiri Ukrayna ilə danışıqlarda irəliləyişə nail olunduğunu bildirib. Səfir ölkəsinin Ukraynada xüsusi hərbi əməliyyatlara Donbasda xalqın təhlükəsizliyini təmin etmək, nasizmin qarşısını almaq, rus dilini qorumaq və Ukraynanın NATO-ya daxil olmasının qarşısını almaq üçün başladığını vurğulayıb. O, Ukrayna ilə aparılan danışıqlara da toxunub: “Düşünürəm ki, bu, danışıqlar yolu ilə həll oluna bilər”. Səfir əlavə edib ki, danışıqlarda müəyyən irəliləyişə nail olunub. Mixail Boçarnikov Qarabağdakı sülhməramlı kontingentin Ukraynaya göndərilməsi məsələsinə münasibət bildirib. Səfir deyib ki, bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil: “Sülhməramlılar Qarabağdadır və Ukraynaya göndərilməyib”. 

Səfir eyni zamanda bildirib ki, Rusiya qazı Avropa ölkələrinə çatdırılır. O xatırladıb ki, G7 ölkələri Rusiya qazını rublla almayacaqlarını bəyan edib: “Bu, Qərbin ABŞ-ın diktəsi ilə hərəkət etdiyinə nümunədir. Vaşinqton qorxur ki, dünya bazarında dolları məhz rubl sıxışdıracaq. SWIFT-in məlumatına görə, dolların 38,8 faiz azalması var”. 

Boçarnikovun sözlərinə görə, Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaginin açıqlaması yolverilməzdir. O bildirib ki, Rusiya hökuməti yuxarıda adıçəkilən deputatın açıqlamasını qınayıb və üzr istənilib: “Rusiyanın Azərbaycanla əlaqələri möhtəşəmdir”.